“International Data Corporation” (IDC) analitik şirkətinin hesabatına görə, fərdi kompyuterlərin satışı gözlənildiyindən daha çox azalıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu ilin aprel-iyun aylarında fərdi kompyuterlərin qlobal miqyasda tədarükü 66,1 milyon ədəd təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz azdır.
IDC ekspertlərinin fikrincə, mənfi dinamika daha çox onunla əlaqədardır ki, hazırda istehlakçılar və şirkətlər fərdi kompyuter və noutbuk almağa tələsməyərək yeni “Windows 10” əməliyyat sisteminin istifadəyə verilməsini gözləyirlər. Kompyuter sahəsinə mənfi təsir göstərən amillərdən biri də valyuta məzənnələrinin dəyişməsidir ki, bunun da nəticəsində fərdi kompyuterlər əksər ölkələrdə bahalaşıb.
Hesabata görə, ABŞ kompyuter bazarının həcmi 2015-ci ilin ikinci rübündə illik hesablamada təxminən 3,3 faiz azalaraq 16,4 milyon ədəd təşkil edib. Qeyd olunub ki, azalma “Apple” və “Lenovo” markalı qurğuların satışı ilə bağlı olub. Digər iri şirkətlərdə də fərdi kompyuterlərin satış həcmi aşağı düşüb. Ötən rübdə Avropa, Yaxın Şərq və Afrika regionunda fərdi kompyuterə tələbat az olub.