27 May 2014 17:42
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrəyə səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri nazir Yohan Şnayder-Amman ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Azərbaycan-İsveçrə əməkdaşlığının inkişaf etdiyini qeyd edən Ş.Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların mühüm rolunu vurğulayıb: "İkitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması, müqavilə-hüquqi bazanın mövcudluğu və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradır".
Şahin Mustafayev Azərbaycan və İsveçrə arasında əməkdaşlığın genişləndirilməsi üçün aidiyyəti dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsi, iş adamları arasında biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.

İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri nazir Y.Şnayder-Amman ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.


Müəllif: