4 Avqust 2015 11:19
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixçinin iqtisadiyyatdan dərs keçmək cəhdi, cəmiyyətə iqtisadi sahənin “özəllikləri”, ölkənin maliyyə sisteminin “dərinlikləri” barədə “maarifləndirici” məlumatlar ötürməsi, bəlkə də təəccüblə qarşılanmamalıdır. O mənada ki, əli hər yerdən üzülən və bu aqibətini etiraf etmək istəməyən hikkəli adamların günlərin birində kosmonavtikadan da “mühazirə” deməyə həvəslənməsi gözləniləndir.

AXCP-nin nəzdində yaradılmış və adına milli şura deyilən dərnəyin başında dayanan adamlar da elə bu gözləntilərin konkret subyektləridir...

***

Həmin bu milli şuranın baş bilənləri payızda keçiriləcək Parlament seçkiləri ilə bağlı toplantıda həmişəki kimi əsası olmayan və uydurma rəqəmlərlə “bəzədilmiş” fikirlər dilə gitirib, müxtəlif çağırışlar səsləndiriblər. Onları dinləyən və cəmiyyətdə baş verən prosesləri az-çox izləyən istənilən şəxs bu adamların xəstə təxəyyülə malik olduğunu birmənalı şəkildə təsdiq edər... Görün bunlar hara gəlib çatıblar - tarixçi xalqa iqtisadiyyatdan dərs keçir. Azərbaycan hakimiyyətinin atdığı istənilən addım onların gözünə qara rəngdə görünür. Sual olunur: Əgər bu adamlar ölkə iqtisadiyyatının və onun qeyri-neft sektorunun inkişafına dair rəsmi səviyyədə açıqlanan faktlar və məlumatlara şübhə ilə yanaşırlarsa, onda nədən “öz şübhələrini” aradan qaldırmaq üçün Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi dünyanın ən nüfuzlu beynəlxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatının mövcud durumu barədə məlumatları ilə tanış olmaq istəmirlər? Cavab sadədir: Bu bəylərə həqiqət lazım deyil, onları ancaq qara rəng maraqlandırır. Nə olursa olsun, yalnız bir prinsipləri var: hakimiyyətin dediyinin əksini demək. Beləcə paslanmış düşüncə tərzilə uduza-uduza, itirə-itirə gedirlər... “Ölkədə sosial iqtisadi vəziyyət pisdir, bu il iyunun 13-də səsləndirilmiş rəqəmlər real deyil”, “Azərbaycanın iqtisadiyyatı 80% neftdən asılıdır” deyən savadsızlara dəfələrlə konkret faktlar göstərmişik, real rəqəmləri ortaya qoymuşuq. Lakin bu qaragüruh dəstəsinin üzvləri iqtisadiyyatdan elementar biliklərə belə malik olmadan özlərini bu sahənin uzmanları kimi göstərməyə çalışır, cəmiyyətə yalan informasiyalar və uydurma rəqəmlər ötürməkdə davam edirlər. Odur ki, bəzi şeyləri xatırlatmaq zorundayıq.

***

Azərbaycan Prezidenti hələ 11 il öncə(!) Nazirlər Kabinetinin geniş tərkibli iclasında “Neft faktoru ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq, ancaq biz iqtisadi siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur - daha doğrusu Azərbaycan neft ölkəsi deyil” deyəndə, “Bu gün Azərbaycanın iqtisadiyyatı 80% neftdən asılıdır” deyən dilletantlar qeyri-neft sektorunun ümumiyyətlə nə demək olduğunu dərk edə bilmirdilər. Əgər bu adamlar hesab edirlərsə ki, neft pulları Azərbaycana gələn kimi 1-2 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını tam aradan qaldırmaq olardı, onda bu adamların məntiqdən və reallıqdan uzaq olan düşüncə tərzinin daşıyıcıları olduğunu isbat etmək üçün əlavə dəlilə ehtiyac qalmır. Əgər eyni qaydada ölkə iqtisadiyyatının neftdən asılılığını heç bir xərc çəkmədən minimuma endirməyin mümkün olduğunu düşünürlərsə, onda bu artıq ağılsızlığın son həddidir ki, var. Azərbaycan hökuməti neft pulları gəldikcə infrastruktur layihələrini reallaşdırmağa başladı. Bu, sonradan ölkənin bütün ərazilərində qeyri-neft sektorunun inkişafını təmin edə biləcək ən vacib şərtlərin birincisi idi. İnfrastruktur layihələri hesabına yaradılan münbit şərait olmasaydı qeyri-neft sektorunun regionlar üzrə inkişafından söhbət belə gedə bilməzdi. Regionların inkişafına dair iki dövlət proqramının uğurla yerinə yetirilməsi və artıq eyni uğurla üçüncü proqramın icra olunması məhz bu əsasda mümkün ola bildi. Prezident sərancamı ilə ötən 2014-cü ilin sənaye ili, cari 2015-ci ilin isə kənd təsərrüfatı ili elan olunması məsələyə dövlət səviyyəsində hansı önəmin verilməsindən xəbər verir. Son 11 il ərzində ölkənin qeyri neft sektoru 2,5 dəfə artmış və bu gün Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektorunun payı artıq 70 faizə yaxınlaşmaqdadır. “Azərbaycan 2020: Gələcəyə baxış” proqramında 2020-ci ildə bu rəqəmin 80 faizə çatdırılması nəzərdə tutulub və heç şübhə yoxdur ki, bu nəticə də əldə olunacaq.

***

Ölkənin ümumi ixracında qeyri-neft sektorundan ixrac edilən məhsulların az xüsusi çəkiyə malik olması Azərbaycanda qeyri-neft sektorunun zəif olması anlamına gələ bilməz. Bu gün Azərbaycanın qeyri-neft sektorundan ixracın fiziki həcmi çöx böyük sürətlə artır. Daha doğrusu, bu gün qeyri neft-sektorundan ixracın artım tempi bu sektorun özünün inkişaf sürətinə tam adekvatdır. Belə ki, son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 65% artmışdır. Bu, ildə 13% artım deməkdir. Bu templə qeyri-neft sektorundan ixracın həcminin artmasına heç bir ölkədə, xüsusilə də neft ölkələrində rast gəlmək mümkün deyil. Carı ilin 5 ayı ərzində qeyri-neft sektorundan ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqaisədə 24,4% artmışdır. 2014-cü ilin yekunlarına görə, Azərbaycanın qeyri-neft sektorundan ixracın həcmi 1,8 milyard ABŞ dollarına yaxın olmuşdur. Bəli, bu rəqəm bizim ümumi ixracımızın 8,0%-nə bərabərdir və elə bu səbəbdən də ilk baxışda az görünür. Lakin vaxtı ilə bizimlə bir məkanda olan ölkələrlə müqayisədə Azərbaycan bu sahədə də onlarn bir çoxunu üstələyir. Sadəcə, Azərbaycan neft ölkəsi olduğundan onun ixracında neftin xüsusi çəkisi böyükdür. Azərbaycanın neft ölkəsi olaraq ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq istiqamətində qısa zaman kəsiyində atdığı addımlar heç bir neft ölkəsində heç vaxt atılmayıb. Əsl həqiqət bundan ibarətdir ki, Azərbaycan az bir müddət ərzində qeyri-neft sektorunun inkişafının Azərbaycan modelini ortaya qoya bildi. (Yeri gəlmişkən, təşkilatımız yaxın aylarda “Qeyri neft sektorunun inkişafının Azərbaycan modeli” mövzusunda beynəlxalq konfrans təşkil etməyi planlaşdırır – F.Y)

Bu gün Azərbaycanın bütün regionlarında sənaye məhəllələrinin salınması, aqrar parkların yaradılması və biznesə dövlət dəstəyinin genişlənməsi, heç şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin hər bir bölgəsindən ixrac olunan rəqabət qabiliyyətli məhsulların həcminin daha da armasına səbəb olacaq.

***

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun bu günkü durumunu qara rəngdə görən tarixçi “iqtisadiyyat müəllimlərinə” onu da xatırladaq ki, 2014-cü ildə Azərbaycanın qeyri-neft sektorunda məhsul və xidmət buraxlışının ümumi həcmi 58,4 milyard manat təşkil etmişdir ki, bu da Ermənistanın Ümumi Daxili Məhsulundan 6,2 dəfə, Gürcüstanın Ümumi Daxili Məhsulundan 4,8 dəfə çoxdur...

Fikrət Yusifov

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor


Müəllif:

Oxşar xəbərlər