5 Avqust 2015 01:12
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 4-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda bu ilin birinci yarım ilində rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov şura iclasında çıxış edərək, son illər Lənkəranda sosial-iqtisadi və mədəni inkişaf sahəsində əsaslı dönüş yarandığını, genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirildiyini, irihəcmli investisiya layihələrinin icra edildiyini bildirib.

Sonra şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimovun hesabat məruzəsi dinlənilib.

Məruzədə qeyd olunub ki, altı ayda rayonda ümumi məhsul buraxılışı 136,6 milyon manat təşkil edib. Sənayedə 10,9 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz çox məhsul istehsal olunub.

“Kənd təsərrüfatı” ili çərçivəsində rayonda yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan Aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilib. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. Ümumilikdə rayon ərazisində fermerlər və sahibkarlar tərəfindən 384,6 hektar yeni çay sahələri, 14 hektar yeni meyvə bağları salınıb, 20 hektarda isə bərpa işləri aparılıb. Lənkəran çay filialının təcrübə təsərrüfatında 2000 ədəd iki növ yeni sitrus bitkisi Cənubi Koreyadan gətirilmiş qidalı dibçəklərə əkilərək tinglik təsərrüfatı yaradılıb. Həmçinin, 2015-ci ilin məhsulu üçün 5 min 138 hektar sahədə tərəvəz, 107 hektar sahədə çəltik əkini keçirilib.

Bildirilib ki, on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Hazırda Aşağı Nüvədi-Kənarmeşə-Şürük yolunun yenidən qurulması işlərinə başlanılıb.

Rayon ərazisində 4 dəmir-beton konstruksiyalı avtomobil körpüsü quraşdırılıb, 2 körpü əsaslı təmir olunub, yeni Olimpiya İdman Kompleksinin və on bir mərtəbəli 5 ulduzlu otel kompleksinin tikintisi davam etdirilir.

Yığıncaqda çıxış edənlər bu ilin altı ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

Şura iclasında müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.


Müəllif: