8 Avqust 2015 21:40
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüsrət İbrahimov: “Real tələb olmadığına görə təklif yenə də tələbi üstələyir”

Daşınmaz əmlak bazarında qiymətlər ötən ilin və ötən ayın müvafiq dövrü ilə müqayisədə azalıb. “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimovun sözlərinə görə, daşınmaz əmlak bazarında fəallıq xeyli aşağı düşüb və bu tendensiya davam edəcək.

“MBA Group” konsaltinq şirkətinin direktoru deyir ki, daşınmaz əmlak bazarında bütün seqmentlər üzrə azalma müşahidə olunur. Son bir ayda təkrar mənzil bazarında 3,66 faiz qiymət azalması var, ilin əvvəli ilə dollarla müqayisədə isə 23 faiz azalma müşahidə olunur. Bahalı evlərin qiymətində 2,4 faiz azalma, ucuz evlərdə isə 0,8 azalma baş verib.

Nüsrət İbrahimovun sözlərinə görə, 2015-ci ilin iyununda Bakının daşınmaz əmlak bazarında fəallıq ötən ilin analoji dövrü ilə müqayisədə təqribən üç dəfə azalıb.

Qeyd edək ki, bu ilin fevralında Azərbaycanda dolların məzənnəsi təqribən 34 faiz bahalaşıb. Manatın məzənnəsindəki dəyişikliklərdən sonra əhali əmanətlərini riskdən qorumaq üçün daşınmaz əmlaka qoymağa başladı, amma apreldən etibarən bazarda fəallıq getdikcə azaldı.

“MBA Group”un rəhbəri hesab edir ki, fəallığın zəifləməsi getdikcə qiymətin aşağı düşməsinə gətirib çıxarır, lakin hazırda mənzilin ucuzlaşması daha çox təkrar mənzil bazarında hiss edilir: “2015-ci ilin may ayı ilə müqayisədə iyunda təkrar mənzil bazarında qiymətlər 1,1 faiz azalıb, hərçənd ilkin bazarda mənzillərin qiyməti dəyişməyib. Eyni hal əvvəlki aylarda da baş verib. Məsələn, apreldə təkrar bazarda qiymətlər 6 faiz, mayda isə 3,5 faiz azalıb. Eyni zamanda, apreldə ilkin mənzil bazarında qiymətlər cəmi 2 faiz azalıb, mayda isə dəyişməz olaraq qalıb”.

Nüsrət İbrahimovun sözlərinə görə, ümumilikdə ilkin mənzil bazarında qiymətlər təkrar bazara nisbətən daha tənzimlənəndir: “Bu da təkrar mənzil bazarında qiymətlərin böyük sürətlə düşməsi ilə əsaslandırılır. Gələcəkdə daşınmaz əmlak bazarında qiymət azalması qaçılmazdır”.

Payıza doğru cüzi artım mümkündür

Ekspert hesab edir ki, üzü payıza bazarda qiymətlər stabilləşə bilər və cüzi artım da mümkündür: “Amma ümumilikdə qiymətlərin azalması qaçılmaz olacaq. Çünki aktivlik çox azdır”.

Daşınmaz əmlak bazarındakı hazırkı vəziyyət isə dünya bazarında neftin ucuzlaşması, eləcə də, Rusiyadakı iqtisadi böhranla əlaqələndirilir.

Qeyd edək ki, hazırda daşınmaz əmlak bazarında potensial tələb böyük olsa da, real tələb olmadığına görə təklif yenə də tələbi üstələyir. Nüsrət İbrahimov deyir ki, potensial tələbin real tələbi üstələməsi üçün bir neçə vacib faktor var: “Əhalinin gəlirləri, kredit imkanları, insanların ödəmə qabiliyyəti artmalıdır. Ölkədə makroiqtisadi vəziyyət elə olmalıdır ki, trend artıma meyillənsin. İnsanların psixoloji gözləntiləri müsbət olmalıdır. Bütün bunlar bazarın inkişafını şərtləndirən amillərdir”.

Tikinti sektorunda durum

Bazarda ipoteka kreditlərinin də vəziyyətində sönüklük olduğunu qeyd edən ekspert bildirdi ki, aktivliyin çox aşağı səviyyədə olması bankların kredit verməyə meyl göstərməməsi ilə bağlıdır: “Banklar kredit verməyə, xüsusən də manatla kredit verməyə bir o qədər də maraqlı deyillər. Həm kredit götürənlərin, həm də kredit verənlərin sayında azalma var”.

Nüsrət İbrahimov əlavə etdi ki, fəallığın azalması tikinti sektoruna da toxunub: “Ümumilikdə hazırda Bakıda təqribən 75-80 tikilən bina var, onların 33 faizində tikinti işləri qismən və ya tam dayandırılıb. Bu, bank kreditləşməsinin azalması və tikinti şirkətlərinin maliyyə davamlılığının pisləşməsi ilə əlaqədardır. Tikinti şirkətləri bazardan tədricən aralanır, tikintilər dondurulur”.

Böhrandan sonra qiymətlər sıçrayışla artacaq

Ekspert bildirdi ki, böhran vəziyyətindən çıxandan sonra bazarda məhsul olmayacağına görə, yəni tikinti dayandığı üçün təklif portfeli azalacaq. Bu halda isə qiymətlərin sıçrayışla qalxması qaçılmazdır: “Eyni vəziyyət 2007-2009-cu ildə də yaşandı. Bazarda tikinti sektoru, demək olar ki, dayandı, 2010-cu ildən başladıq vəziyyətdən çıxmağa və qiymətlər də sıçrayışla artdı. Çünki bazarda təklif yox səviyyəsində idi. 2014-cü ilin ortalarına qədər vəziyyət belə davam etdi. İndi də o dövr təxminən təkrarlaınır.

Amma əvvəlki böhran illəri ilə müqayisədə indi vəziyyət fərqlidir, çünki o vaxt neft qiymətləri sürətlə artmağa başlamışdı. Hazırda neftin qiyməti azalmağa doğru gedir. Buna baxmayaraq, daşınmaz əmlak bazarında qiymət artımı gözləniləndir. Ümumiyyətlə, qiymət artımı 8-10 il müddətində artır, amma qısa müddətdə dalğavari hərəkət edir, artıb-azalma baş verir".

Tikinti materialları da ucuzlaşıb

Tikinti materiallarının, xüsusən Rusiyadan gələn məhsulların qiymətində azalma avqust ayı üçün xarakterikdir. Ekspert bunu Rusiyada rublun məzənnəsinin dollara nisbətən aşağı düşməsi ilə əlaqələndirdi: “Rublun məzənnəsi dollara nisbətən aşağı enir. Ona görə belə ehtimallar var ki, avqust ayında taxta-şalbanın qiyməti aşağı düşsün. Amma bu, qısa müddətdə olacaq. Çünki növbəti aydan bahalaşma qaçılmazdır.

Sentyabrda yağışlı havalar başlayanda meşəyə girmək, ağac qırmaq çətinləşir ki, bu da taxta istehsalını azalmasına gətirir. Eləcə də, qarşıdan qış mövsümü gəlir, yanacağın qiymətində ola bilər, artımlar olsun, həmçinin metalın qiymətində də..."

Kirayə evlər gələn aydan bahalaşacaq

Nüsrət İbrahimov dedi ki, kirayə mənzillərin qiyməti 7 faiz ucuzlaşıb. Amma sentyabrdan başlayaraq qiymətlərin qalxması mümkündür: “Ötən illə müqayisədə bu artım cüzi olacaq. Ötən il 12 faiz artım olub. Orta hesabla götürəndə hər il 10 faiz artım baş verir. Bu il avqustun axırı, sentyabrın əvvəllərində də artımın olacaq, amma bu il vəziyyət başqa cürdür. Daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Ona görə də bahalaşma təxminən 6 faizə qədər proqnozlaşdırılır”.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər