İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilərək götürülüb.
Teleqraf.com İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, sözügedən qurumun Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər həyata keçirilib.
Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı bir sıra rayonlarda nöqsanlar aşkarlanıb. Belə ki, Bakının Suraxanı rayonundakı Qaraçuxur qəsəbəsində Əmirarşad Bərxudarova məxsus mağazada, Binəqədi rayonunda 8 mikrorayon, S.S.Axundov küçəsində Tahir Orucova məxsus super marketdə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkar edilib.
Analoji vəziyyət digər obyektlərdə - Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Şakir İbrahimova məxsus mağazada, Bərdə rayonunda Hüseynbəyli kəndində Çingiz Məmmədova məxsus yeməkxanada, Bərdə şəhəri, Nizami küçəsində yerləşən Rəhim Hacıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Qaradağ rayonunda Sahil qəsəbəsi, N.Mustafayev küçəsində yerləşən Natəvan Nağıyevaya məxsus mağazada, Sabunçu rayonunun Zabrat qəsəbəsində isə Azad Qəhrəmanova məxsus "Ailə" marketdə yararsız ərzaq məhsulları aşkar edilərək götürülüb.
Məlumatda daha sonra qeyd olunur ki, monitorinqlər zamanı Gədəbəy şəhəri H.Əliyev prospektində Vüqar Ruşanova məxsus mağazada, Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən Namiq Əmiraslanova və Sədaqət Tağıyevaya məxsus mağazalarda, Bərdə rayonunun Güloğlular kəndi, Təzə bazarda Nazim Abbasova məxsus mağazada, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən İlyas Hüseynova məxsus mağazada, Xaçmaz şəhərinin 20 Yanvar küçəsində yerləşən Elvin Poladova məxsus mağazada, Lənkəran şəhərinin Z.Əliyeva prospektində yerləşən Emil Azadova məxsus mağazada, Qəbələ rayonunda, Xırxatala kəndində Cavad Gözəlova məxsus mağazada da saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və istifadəyə yararsız məhsullar obyektlərdən götürülüb.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunur.