İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması və bu sahədə xüsusi əhəmiyyət kəsb edən istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans avqustun 14-də Oğuzda keçirilib. Tədbirdə 150-dən çox istehlakçı iştirak edib.
Konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat vermiş, qurumun təşkilatçılığı, aidiyyəti qurumların, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların istehlakçı fəallığının artırılmasında əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçıların hüquqlarına dair 18 adda 55 mindən çox buklet, 6 adda 3 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb.
Bildirilmişdir ki, maarifləmdirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, 2015-ci ilin yanvar-iyul aylarında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 7 tona yaxın müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib.
Konfransın sonunda istehlakçıların sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.