21 Avqust 2015 08:07
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyul ayında Bakıda təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin orta təklif qiyməti iyun ayı ilə müqayisədə 0,43 faiz azalaraq kvadratmetrinə görə 1 605 dollar, milli valyutada isə 0,43 faiz azalaraq kvadratmetrinə görə 1 669 manata düşüb.

Bu barədə “MBA Group” konsaltinq şirkəti məlumat yayıb. Müqayisə üçün deyək ki, ötən ilin müvafiq dövründə Bakıda təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin orta qiyməti 1 627 manat/kv.m (2 075 dollar) təşkil edib.

Məlumatda bildirilir ki, qiymətlərin aşağı düşməsini əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah etmək olar.

Hesabat dövründə təkrar mənzil bazarında təklif həcmi 12 faiz azalıb. İyun ayında ümumi təkliflərin sayı 1590 olduğu halda, bu rəqəm iyul ayında 1397 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 35 faiz azalıb. 2015-ci il iyul ayında Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 54 faizə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 43 faizini təşkil edir və qeydə alınan orta bazar qiyməti 1188 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 39,4 faizini 1500-2000 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1739 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17,6 faiz təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2320 dollar/kv.m təşkil edib.

Hesabatda qeyd edilir ki, iyul ayında təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə, təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4100 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Masazır qəsəbəsində yerləşən orta təmirli 72 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb - 580 dollar/kv.m.
İyul ayında aktivlik əmsalına görə, ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Hesabat dövründə mənzil bazarında qiymət indeksi 0,03 bənd azalaraq 7,13 bəndində qərarlaşıb.

Bu ilin iyul ayında ilkin yaşayış mənzil bazarında da satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti iyun ayı ilə müqayisədə 1116 dollar/кv.m-dən 7,17 faiz azalaraq 1036 dollar/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1170 AZN/кv.m-dən azalaraq 1087 AZN/кv.m qiymətində qərarlaşıb.
İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir. Bu da ümumi portfelin 53.6 faizidir. Qiyməti 1000-1500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 38 faizdir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 765 dollar/kv.m və 1195 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 8,4 faizini isə qiyməti 1500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər tutur, burada qeydə alınan orta qiymət isə 2145 dollar/kv.m-dir.
Hesabatda deyilir ki, ötən ay ərzində təklif portfelində satışa çıxarılan ilkin mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edib və bu 3 rayonun payına 64,1 faiz düşüb.

Məlumata əsasən, ilkin mənzil bazarında satışa çıxarılan mənzillərin 32,8 faizi Yasamal, 20,3 faizi Nəsimi, 11 faizi Xətai, 8,3 faizi Binəqədi, 7,3 faizi Nərimanov, 5,7 faizi Abşeron, 5,2 faizi Nizami, 4,7 faizi Səbail, 2,6 faizi Sabunçu, 2,1 faizi Suraxanı rayonlarının payına düşüb.

İyun ayı ilə müqayisədə ötən ayda bаzаrdа təklif olunan ilkin mənzillərin ümumi orta sahəsi 8,6 faiz azalaraq 113,58 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 56,4, iki otaqlı 90,54, üç otaqlı 128,7, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 185,4 və 190,0 kv.m qeydə alınıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər