SOCAR (Azərbaycan Dövlət Neft şirkəti) “Azneft” İstehsalat Birliyi (İB) tərəfindən 2 ay ərzində 13 ədəd estakada yanı meydança əsaslı təmir olunub.
Teleqraf.com bu barədə şirkətin saytında yayılan xəbərə istinadən məlumat verir.
Hazırda 187, 290 və 350 saylı estakada yanı meydançalarda son tamamlama işləri aparılır.
Həmçinin 3, 5 və 11 saylı dərin dəniz özüllərinin döşəmə sahələri təmir edilib. “Neft Daşları”ndakı yük körpüsü, 2223 saylı estakada yanı meydança və Avtonəqliyyat İdarəsinin yerləşdiyi meydançada əsaslı təmir işləri görülüb.
“Abşeronneft” NQÇİ-nin istismar etdiyi “Darvin bankası” yatağında yerləşən 340 saylı estakadayanı meydança da əsaslı təmir olunub, 340 və 620 saylı dərin dəniz özüllərinin, eyni zamanda “Abşeron bankası” yatağında yerləşən 11 saylı dərin dəniz özülünün döşəmə sahələri təmir edilərək Dövlət Qəbulu komissiyasına təhvil verilib.
Aparılmış təmir işləri zamanı korroziyaya uğrayan polad vərəqələr, fermalar dəyişdirilib, metal-konstruksiyasılar yeniləri ilə əvəz olunmuş, dəmir-beton tavalar, metal məhəccərlər yenilənib.