29 Avqust 2015 15:17
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMB banklarını xarici valyutada kredit verməkdən imtinası məsələsinə aydınlıq gətirib

Azərbaycan banklarının xarici valyutada kredit verməyi dayandırmaq qərarı risklərdən sığortalanmaq istəyi ilə əlaqədardır.

Bu barədə bəzi bankların həm nağd, həm də kart vasitəsilə dollarla kredit verməyi dayandırması ilə bağlı xəbərə münasibət bildirən Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bank banklara kreditləri yalnız manatla verməklə bağlı göstəriş ünvanlamayıb: “Qanunvericiliyə əsasən, ölkə ərazisində fəaliyyət göstərən bankların hansı valyutada kredit verməklə bağlı müstəqil seçim hüququ var. Hər bir bank özünün kredit siyasətini həyata keçirir. Belə bir qərarla onlar özlərini risklərdən sığortalamaq istəyirlər”.

Xarici valyutada kreditin verilməsi ilə yanaşı, banklar müştərilərə dollarla olan mövcud borclarını manata köçürmək imkanı təklif edir. Bu proses manatla yeni kreditin alınması və bu vəsaitlə xarici valyutada kreditin ödənilməsi vasitəsilə mümkündür.

Bununla yanaşı, bazarda həm manat, həm də dollarla kredit verməyə davam edən banklar qalıb. Bunların arasında “VTB Bank” (Azərbaycan) da var.

Qeyd edək ki, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı bir müddət bundan əvvəl kreditlərin yalnız manatla verilməsi ilə bağlı qərar qəbul etmişdi.

Bankların bu cür davranması, xarici valyutada kredit verməkdən imtina etməsi qonşu ölkələrin devalvasiya proseslərinin gücləndiyi valyuta bazarının vəziyyəti və Azərbaycan manatının məzənnəsinin dəyişəcəyi təqdirdə bankların özlərini risklərdən sığortalamaq istəyi ilə izah edilir.

İqtisadçı Pərviz Heydərov deyir ki, bankların xarici valyuta ilə kreditləşdirməni məhdudlaşdırması başa düşülən siyasətdir: “Bu, heç də müvafiq sahədə resurs çatışmazlığından irəli gəlmir. Əksinə, kommersiya bankları üçün hazırda dollarla kredit vermək daha əlverişlidir. Nəzərə alsaq ki, kredit mənbələri sırasında əsas yeri əhalidən cəlb olunan əmanətlər təşkil edir, real olaraq banklarda yerləşdirilən əmanətlərin 70 faizdən çox hissəsi məhz xarici valyuta, yəni dollar təşkil edir.

Ancaq burada strateji yanaşma vacibdir. Belə ki, kreditləşdirmənin xarici valyuta ilə həyata keçirilməsi bankların özünün onsuz da yaxşı olmayan vəziyyətlərinin dolayı yolla daha da pisləşməsi üçün zəmin yaradır. Odur ki, bundan sığortalanmaq tələb olunur".

Pərviz Heydərovun sözlərinə görə, Mərkəzi Bankın müvafiq açıqlamasına hörmətlə yanaşmaq olar, ancaq qanunvericiliklə ölkədə fəaliyyət göstərən bankların bu və ya digər valyutada kredit verməkdə müstəqil seçim hüquqları var: “Yəni, hər bir bank istədiyi şəkildə kredit siyasəti həyata keçirir. Ancaq bu, onların özlərinin gələcək mənafelərini nəzərə almaqla edilir. Sözügedən qərar da bankların özlərini risklərdən sığortalamaq məqsədi daşıyır.

Belə ki, dollarla kredit verdikdə bu, sözügedən vəsaitin müvafiq maliyyə bazarlarında manatla qarşılanması məsələsini də nəzərə almağı vacib sayır. Manatın məzənnəsi isə məlum olduğu kimi təhlükə altındadır. Təkcə bu ilin fevral ayının 21-i tarixdəki devalvasiya qərarından sonra banklara kredit borcları olanların necə böyük çətinliklə üzləşdiklərini yada salmaq kifayətdir. İş o yerə çatdı ki, məsələyə Konstitusiya Məhkəməsi baxdı. Və çıxarılan qərar heç də borcuların deyil, bankların xeyrinə oldu".

İqtisadçı deyir ki, neftin dünya bazar qiymətlərinə, həmçinin qonşu ölkələrdə həyata keçirilən devalvasiya tədbirlərinə əsasən isə manatın dəyərinin növbəti dəfə də ucuzlaşdırılmayacağına zəmanət yoxdur: “Odur ki, banklarının xarici valyutada kredit verməyi məhdudlaşdırmaq və yaxud dayandırmaq haqda qərarı həm onların özləri üçün, həm də borclananlar üçün manatın növbəti mümkün devalvasiyası qabağı olduqca vaxtında atılmış və düzgün addımdır”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər