9 Sentyabr 2015 14:36
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi 2015-ci il ərzində vergi borcunu ödəməkdən yayındırdıqları üçün barələrində cinayət işi açılan və istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilən vergi ödəyicilərinin siyahısını açıqlayıb.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, siyahıda ümumilikdə 444 müəssisə yer alıb.

Bu ilin səkkiz ayı ərzində 1585 vergi ödəyicisi barəsində toplanmış materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Onlardan 123 vergi ödəyicisi ümumilikdə 2,1 milyon manat məbləğində borclarını tam ödədikləri üçün barələrində cinayət işinin başlanmasından imtina olunması barədə qərar çıxarılıb, 162,6 milyon manat məbləğində vergiləri ödəməkdən yayınmış 1394 fiziki və hüquqi şəxs barəsində isə cinayət işləri başlanılıb.

Başlanmış cinayət işləri üzrə ilk 8 ay ərzində dövlətə vurulmuş 36,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 29,8 milyon manat məbləğində vergi borcunu tam ödəmiş vergi ödəyiciləri barədə 363 iş üzrə icraata xitam verilib. Araşdırılması davam etdirilən 152 cinayət işi üzrə daha 7,1 milyon manat məbləğində vergi borcu da dövlət büdcəsinə ödənilib.

Cinayət işləri üzrə araşdırma aparılarkən istintaqdan yayınan və ya araşdırmaya maneçilik törədən 81 sahibkar şübhəli şəxs qismində tutulub, onlardan 43-ü barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dövlət büdcəsinə olan vergi borcuna görə haqqında cinayət işi açılmış vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanmasında məqsəd onlar barəsində məlumatlandırmaqdır.

Məlumat üçün bildiririk ki, belə vergi ödəyicilərinin tam siyahısı ilə Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “Borclu vergi ödəyiciləri” bölməsində tanış ola bilərsiniz.

Qeyd edək ki, borclu vergi ödəyicilərinin bir qismi Bakının müxtəlif rayonları üzrə qeydə alınsa da, digərləri Gəncə, Mingəçevir, Lənkəran, Quba, Xaçmaz, Balakən və s. rayonlar üzrə olub.

Naibə QURBANOVA


Müəllif: