Yaponiyanın dünya enerji bazarı haqqında məlumatlar yayan tanınmış “rim-intelligence.co.jp” informasiya portalı Trans-Adriatik qaz boru kəməri (TAP) haqqında məqalə yerləşdirib.
TAP-ın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağının qeyd olunduğu məqalədə yapon oxuculara layihə barədə ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycanın Xəzərdəki "Şahdəniz-2" yatağında hasil edilən qazı TAP vasitəsilə Avropaya nəql olunacaq. Qaz əvvəlcə TANAP boru kəməri vasitəsilə Türkiyə ərazisinə ötürüləcək, sonra da Türkiyə-Yunanıstan sərhədindən 870 kilometrlik TAP marşrutu ilə Yunanıstanın şimalına, oradan da Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatdırılacaq. Azərbaycanın təbii qazı həmin ərazidə Avropa İttifaqının qazpaylama şəbəkəsinə vurulacaq.
Yazıda qeyd olunur ki, TANAP və TAP layihələri ilə Türkiyəyə ildə 6, Avropa İttifaqına isə 10 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulur. TAP qaz boru kəmərinin gücü ildə 10 milyard kubmetr təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 milyard kubmetrə çatdırılması mümkündür. TAP layihəsinin inşasına 2016-cı ilin ortalarında başlanılmasının planlaşdırıldığı da məqalədə əksini tapıb. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Layihənin reallaşmasında Avropa ölkələrinin xüsusən maraqlı olduğunun vurğulandığı məqalədə bildirilir ki, Türkiyə hökuməti ilə yanaşı, Balkan ölkəsi olan Monteneqro da “Statoil” şirkətinin layihədəki payını almaq istəyir. Alqı-satqının dəyərinin isə 440 milyon dollar ola biləcəyi qeyd edilir.
Layihənin səhmdarları haqqında məlumatın əks olunduğu məqalədə qeyd edilir ki, hazırda layihədə bp , SOCAR və “Statoil” hər biri 20, “Fluksiz” 19 faiz, “Enagas” 16 və “Axpo” isə 5 faiz paya malikdir.