22 Sentyabr 2015 14:46
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Götürdüyü krediti qaytarmayan şəxslərin həbsi ilə bağlı tədbirlər qanunvericiliyə uyğun həyata keçirilir”

Sahibkarlığın, özəl sektorun inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Bu məqsədlə özəlləşdirmə, sahibkarlığın inkişafına dair proqramlar qəbul edilib, qanunvericilik sahəsində mühüm addımlar atılıb. Dəfələrlə ümummilli lider Heydər Əliyev, sonralar isə Prezident İlham Əliyevin sahibkarlarla görüşləri olub, beləliklə, sahibkarlara həm hüquqi, həm də siyasi-mənəvi dəstək verilib.

Sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib, fondun xəttilə sahibkarlara indiyədək 2 milyard manatadək yardım göstərilib, 130 mindən çox yeni iş yerinin yaradılması mümkün olub.

Sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və biznes mühitinin sağlamlaşdırılması üçün yeni hüquqi sənədlər qəbul edilib, Prezident öz çıxışlarında dəfələrlə sahibkarlara dəstəyini ifadə edib, onların dövlət himayəsində olduğunu vurğulayıb.

Qeydiyyat prosesinin asanlaşdırılması, vergi qanunvericiliyinin sadələşdirilməsi, investisiya mühitinin sağlamlaşıdrlması nəticəsində Azərbaycan Dünya Bankı Qrupu tərəfindən açıqlanmış “Doing Business 2015” reytinq hesabatında 189 dünya ölkəsi arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb. Lakin verilmiş güzəştlər özəl sektorun, investorları, xüsusən iri məbləğdə kreditlər götürmüş şəxslərin vergi və bank öhdəliklərindən azad edilməsi demək deyil.

Hər hansı bir ölkədə makroiqtisadi sabitlik yalnız əlverişli biznes mühiti, uğurlu iqtisadi islahatlardan deyil, eyni zamanda sahibkarların, iri vergiödəyicilərinin dövlət , vergi orqanları və kredit götürdükləri qurumlar qarşısında öz qanuni öhdəliklərinə əməl etmələrindən xeyli dərəcədə asılıdır. İri vergiödəyicilərinin məsuliyyətdən qaçma, vergidən yayınma cəhdlərinin bəzən kifayət qədər inkişaf etmiş bu və ya digər ölkədə necə maliyyə gərginliyi yaratdığının şahidi olmuşuq. Belə gərginliyin qarşısını almaq üçün ABŞ-da antiinhisar qanunvericiliyi, vergi cinayətlərinə görə cəzalar sərtləşdirilir, vergidən yayınma halları haqda məlumat verən şəxslər təşviq edilir.

Rusiyada 2000-ci illərin əvvəllərində maliyyə oliqarxiyası əleyhinə sərt ölçü götürüldü. Dünyanın “ofşor cənnəti” hesab olunan İsveçrədə də bank-maliyyə sektorunu kataklizmlərdən qorumaq üçün qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atılır.

Azərbaycan da bu baxımdan istisna deyil. Dövlət kreditlər təqdim etməklə yanaşı onların təyinatı üzrə xərclənməsinə və vaxtında geri qaytarılmasına nəzarəti gücləndirir.

İri vergiödəyiciləri dövlət, vergi orqanları və banklar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməlidir, əks təqdirdə qanunvericiliyin tələb etdiyi addımların atılması labüddür. Bu, sadəcə hüququn deyil, həm də iqtisadiyyatın tələbidir. Götürülmüş kreditlərin iqtisadi inkişafa deyil, təmtəraqlara xərclənməsinə cəmiyyətin mənfi münasibətini nəzər alaraq atılan addımların həm də sosial sifariş olduğunu deyə bilərik.

Görülən tədbirlərdən olaraq son vaxtlar Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayanların həbsini vurğulmaq olar. Bununla bank-maliyyə sektorunda yarana biləcək xoşagəlməz halların ölkənin makroiqtisadi sabitliyini təhdid etməsinə yol verməmək üçün ciddi monetar siyasət yürütdüyünü görmək mümkündür.

Dünən isə Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib. Hüquq-mühafizə orqanlarından verilən məlumatda deyilir ki, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.

Məlumata görə, Beynəlxalq Bankın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən şəxslərə qarşı müvafiq tədbirlər görülməsi bundan sonra da davam etdiriləcək.

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, ölkədəki bankların içərisində yalnız Beynəlxalq Bankın səhm paketində dövlətin payı var və bu xoşagəlməz halların məhz həmin bankda baş verməsi təəssüf doğurur: “Bu halların yaranmasının əsas səbəbi banklarda kredit siyasətinə düzgün yanaşmamalarıdır. Ona görə də görülən tədbirlər gələcək üçün banklar və kredit götürən şəxslər üçün dərs olacaq. Bu həm da bankların kredit siyasətinə yeni yanaşmasını vacib edir”.

Ekspert deyir ki, kredit götürərək qaytarmayan şəxslərin həbsi ilə bağlı görülən tədbirlər, bütün yoxlamalar qanunvericiliyə uyğun həyata keçirilir: “Unutmamalıyıq ki, ölkədə aparılan bank-maliyyə, kredit siyasəti həm də dünyanın nüfuzlu təşkilatları tərəfindən qiymətləndirilir. Bu isə o deməkdir ki, bu tədbirlər ölkə daxilində bəzən birmənalı qarşılanmaya bilər, amma dünya təcrübəsində bu addımların analizi obyektiv şəkildə araşdırılır”.

Qeyd edək ki, Dünya Bankının “Doing Business - 2015” reytinq hesabatında Azərbaycan 189 dünya ölkəsi arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, Azərbaycanda 2007-ci ildən ardıcıl olaraq bu günə kimi 9 indikator (“Biznesə başlama”, “Tikinti icazələrinin alınması”, “Əmlakın qeydiyyatı”, “Kreditlərin alınması”, “İnvestorların maraqlarının qorunması”, “Vergilərin ödənişi”, “Müqavilələrin icrası”, “Xarici ticarətin aparılması” və “İşçilərin işə qəbulu”) üzrə reallaşdırılan 19 islahat “Doing Business” hesabatlarında nəzərə alınıb.

Reytinqin “Vergilərin ödənişi” indikatorunda Azərbaycan MDB dövlətləri arasında ikinci və ən çox islahat aparan ilk 10 ölkə sırasındadır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər