29 Sentyabr 2015 21:16
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi şəxslərin ticarət obyektlərindən ödənişli müqavilə bağlanmasını tələb etmələri, əks halda mağazada “qanunvericiliyin tələblərinin pozulması” barədə müvafiq dövlət qurumlarına şikayət olunacağı ilə hədələmələri barədə İqtisadiyyat və Sənaye Nazirliyinə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, araşdırmalar zamanı özlərini “Fakt Araşdırıcı-N” MMC-nin əməkdaşları kimi təqdim edən şəxslərin ticarət obyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, “yoxlamanın” nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərindən müəyyən məbləğ ödənilməklə müqavilə bağlanmasını tələb etdikləri, əks təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.

Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyə edir.

Sahibkarlardan bu cür qanunsuz müdaxilələrlə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər