30 Sentyabr 2015 19:06
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hyatt Regency” otelində Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, Azərbaycan Respublikasının dövlət orqanlarının və digər qurumların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev açılış nitqi ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurla icrası nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən, pensiyaların məbləğinin sistemə ödənilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.

Bu nailiyyətlərdən birincisi, ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına 2003-2015-ci illər ərzində Dövlət
Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2015-ci ildə 5,1%-ə çatmışdır.

Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin etmişdir.

Üçüncüsü və ən əsası isə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasətinin nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapmasıdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılmışdır ki, bu da beynəlxalq standartlara uyğundur.

E.Mehdiyev vurğulayıb ki, “Bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.”

Qeyd olunub ki, bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.

Bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən söz açan Fond sədri vurğulayıb ki, islahatlar çərçivəsində müəyyən olunan əsas vəzifələrdən biri də pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsidir.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko Azərbaycanın pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək, bu sahədə reallaşdırılan əsaslı islahatların mühüm önəmindən bəhs edib. Ölkəmizin pensiya sisteminin gələcək inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin mütərəqqi dünya praktikasına uyğunluğu qeyd edilərək, bu istiqamətdə kompleks islahat tədbirlərinin aktuar qiymətləndirmələrin nəticələrinə əsaslanmasının vacibliyi vurğulanıb. Təmsil etdiyi qurum ilə Dövlət Sosial Müdafiə Fondu arasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edən xanım Leşçenko bütün vacib istiqamətlər üzrə, xüsusilə pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Növbəti təqdimatda “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək” layihəsinin rezident müşaviri Agrita Groza könüllü sosial sığortalanma sahəsində aktuar təhlillərə əsaslanan mexanizmlərin tətbiqindən bəhs Sonda Fondun Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova təqdimatında dövlət sosial sığorta sistemində fərdi uçotun təşkili məsələlərindən danışıb, bu sistemdə olan məlumatların aktuar modelləşdirmə məqsədləri üçün zəruri verilənlər bazasının hazırlanmasında mühüm əhəmiyyətindən bəhs edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

008.jpg görüntüleniyor


Müəllif:

Oxşar xəbərlər