30 Sentyabr 2015 22:00
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağsu rayonunun Gəgəli, Ağabəyli və Rəhimağalı kəndlərinə yenidən təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, tədbirlərdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 570 abonenti olan Gəgəli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumilikdə 46 kilometrdən artıq müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 570 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Ağabəyli kəndinin qazlaşdırılması üçün 2500 metr uzunluğunda polietilen və 9013 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, ümumilikdə 106 ədəd olmaqla hər bir abonent sayğac və fərdi tənzimləyici təmin olunub.

20 abonenti olan Rəhimağalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 2829 metr uzunluğunda polietilen və 1717 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 20 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: