Fikrət Yusifov: “Azərbaycanın MDB ölkələri arasında birinciliyini qoruyub saxlaması heç kimi təccübləndirməməlidir”
Dünya Bankı Azərbaycanla bağlı yeni hesabat açıqlayıb. Hesabata əsasən, son onillik ərzində Azərbaycan yoxsulluğun azaldılması və ümumi rifahın yüksəldilməsi istiqamətində inanılmaz irəliləyişə nail olub. Yoxsulluq səviyyəsi 2000-ci illərin əvvəllərindəki əhalinin təqribən 50 faizindən 2013-cü ildə 5 faizinə qədər azalıb. Bu proses orta sinfin həmin dövr ərzində əhalinin 4 faizindən 29 faizinə qədər böyüməsi ilə müşayiət olunub. Beləliklə, orta təbəqənin xüsusi çəkisi bir neçə dəfə artıb və ifrat yoxsulluq demək olar ki, aradan qaldırılıb.
Bu nailiyyətlər ildə orta hesabla 13 faiz təşkil etmiş iqtisadi artımla xarakterizə olunan müstəsna iqtisadi göstəricilər və dövlət xərclərinin təmin edilməsi üçün neft gəlirlərindən istifadə edilməsi sayəsində əldə olunub.
Qeyd edilir ki, cari aşağı neft qiymətləri, neft istehsalının azalması və qeyri-müəyyən regional iqtisadi perspektivlər mühitində Azərbaycan özəl sektorun mərkəzi rol oynayacağı yeni inkişaf modeli axtarışındadır.
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar daha bir nüfuzlu beynəlxalq qurum tərəfindən də təsdiqlənib. Dünya İqtisadi Forumunun (“World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır.
Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb. Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb. Beləliklə, Azərbaycan yenə də dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındadır.
Rəqabət reytinqinin formalaşmasında və onun davamlı olaraq yaxşılaşmasında ölkədəki makroiqtisadi sabitlik çox mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Azərbaycan həmin reytinqin tərkibində makroiqtisadi sabitlik üzrə birinci onluqdadır.
Onu da nəzərə almaq lazımdır ki, bu nailiyyətlər dünyada dərin iqtisadi və maliyyə böhranının davam etdiyi bir dövrdə əldə edilib. Ötən ildə də Azərbaycan bu sıralamada 7 pillə irəliləyərək 148 ölkə arasında 4,51 balla 39-cı yerdə qərarlaşmışdı. Bu siyahı ictimaiyyətə açıq olan məlumatlar və iş adamları arasında keçirilən rəy sorğusu əsasında hazırlanır. Sonra toplanan məlumatlar 12 kateqoriya üzrə analiz olunur: institutlaşma, infrastruktur, makroiqtisadi vəziyyət, səhiyyə və orta təhsil, ali təhsil və peşə hazırlığı, əmtəə bazarının effektivliyi, əmək bazarının effektivliyi, maliyyə bazarının inkişafı, texnoloji hazırlıq, bazarın genişliyi, biznesin dərinliyi, innovasiyalar.
Dünya İqtisadi Forumunun hesabatını şərh edən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyir ki, rəqabətlilik indeksinə görə Azərbaycanın 140 ölkə arasında 40-cı yerdə qərarlaşması, MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlaya bilməsi heç kimi təccübləndirməməlidir: “Bu, Azərbaycan hökumətinin apardığı düzgün və uzaqgörən iqtisadi siyasətin əməli nəticəsidir. Bu reallıqdır və bunu hər kəs olduğu kimi qəbul etməlidir. Nəzərə alaq ki, dünya bazarlarında neftin qiymətlərinin bir ildən artıq vaxt ərzində iki dəfədən çox aşağı düşdüyü bir şəraitdə neft ölkəsi olan Azərbaycan öz iqtisadi inkişafını lazımi səviyyədə saxlaya bildi. Bu, son on ildən artıq müddət ərzində xüsusi dövlət proqramları çərçivəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi - onun qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi nəticəsində baş verdi.
Təbii ki, bütün beynəlxalq təşkilatlar da Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiya edilməsi istiqamətində apardığı işləri görür və dəyərləndirirlər. Baxın, layiq olduğu kredit reytinqi üzrə Azərbaycan bu gün istəsə çox asanlıqla 10 milyardlarla ABŞ dolları həcmində kreditlər ala bilər. Ancaq bu məsələdə hökumətin müəyyən etdiyi kurs, ölkə Prezidentinin mövqeyi hər kəsə bəllidir. Bizə kredit lazım deyil. Ancaq bu gün elə ölkələr var ki, bircə milyard dollar kredit almaq üçün bütün səviyyələrdə dəridən-qabıqdan çıxırlar. Bax budur Azərbaycanın iqtisadi durumunun bugünkü reallığı".
İqtisadçı qeyd edir ki, kimlərsə neftin qiymətinin aşağı düşməsi hesabına hökumətin “itkilərini” hesablayaraq bu rəqəmlərlə cəmiyyəti çaşdırmağa cəhd etsə də, göründüyü kimi, beynəlxalq qurumların hesabatı doğru olanı ortaya qoyur: “Bu, itki deyil. Bu, sadəcə, qiymətlərin yüksək olduğu şəraitdə əldə edə biləcəyimiz əlavə mənfəətin qiymətlərin aşağı düşməsi səbəbindən daxil olmamasıdır. Bu mənfəət olsa da, olmasa da Azərbaycan tutduğu iqtisadi yüksəliş yolunu davam etdirəcək”.
Naibə Qurbanova