Müşfiq Əmirov: “Yeni mobil operatorun yaradılması ilə bağlı Nazirliyə müraciət edilməyib”
Azərbaycanda yeni mobil operatorun yaradılacağı barədə məlumat yayılıb. “Delta Telecom” şirkəti (Azərbaycanın ilk provayderi) respublikanın bütün ərazisini tamamilə əhatə edən 4G TDD-LTE Advanced mobil rabitə şəbəkəsini qurmağa hazırlaşır. Yerli operator Alcatel-Lucent, Ericsson və digər istehsalçı şirkətlərlə 2.4 GHZ diapozonunda respublikanın bütün ərazisini əhatə edən 4G şəbəkəsini ilin sonunadək qurmağı planlayır.
Şirkətdən verilən məlumata görə, xidmətin göstərilməsi üçün “Delta Telecom”un LTE (Long Term Evolution) standartına əsaslanan mövcud infrastrukturundan istifadə olunacaq. İlkin mərhələdə şirkət 4-cü nəsil şəbəkəsi bazasında məlumatların ötürülməsi xidmətini işə salmağı planlaşdırır.
GSM standartında səs xidmətinin göstərilməsinə ikinci mərhələ çərçivəsində baxılacaq. Artıq layihənin texniki məsələlərini həll etmək qalıb ki, bu da 2016-cı ilin birinci rübünə planlaşdırılır.
Mobil rabitə xidməti "Telecom Invest" ("Delta Telecom"un törəmə şirkəti) adı altında göstəriləcək.
Nəyə görə dördüncü mobil operator?
Mütəxəssislərin fikrincə, yeni yaranacaq mobil operator öz yeniliyi ilə başqalarını geridə qoya bilər.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer “Delta Telecom”un Azərbaycan bazarına dördüncü mobil operator qismində çıxmasına münasibət bildirib. Onun sözlərinə görə, Avropa ölkələrindəki tendensiya göstərir ki, bazardakı mobil operatorların sayında azalma müşahidə olunur: “Hazırkı iqtisadi durumda dördüncü mobil operatorun bazara daxil olmasının səbəblərini anlamır. KİV-də belə bir xəbər yayılıb ki, “Delta Telecom” mobil operator bazarına çıxır. Bizim üçün naməlum olan odur ki, nəyə görə indiki iqtisadi şəraitdə dördüncü mobil operator Azərbaycan bazarına girmək istəyir? Hazırda iqtisadi baxımdan müəyyən dərəcədə qeyri-müəyyənliklər var. Neftin qiyməti aşağıdır. Azərbaycan bazarında hazırda 3 operator var və onlar çox fəal işləyir, infrastruktur layihələrə böyük investisiyalar yatırır”.
Qeyd edək ki, İtaliyada mobil operatorların sayı 4-dən 3-ə, Böyük Britaniyada 5-dən 3-ə, Fransa da mobil operatorların sayı 5-dən 4-ə düşüb.
Riçard Şirer sözlərinə görə, mobil rabitə bazarında azalma olsa da, “Bakcell”in ümumi fəaliyyəti qənaətbəxşdir: “Lazımsız xərclər yenidən nəzərdən keçirilib, bəzi önəmli olmayan layihələr dayandırılıb. Bu gün Azərbaycan iqtisadiyyatda müəyyən gərginliklər mövcuddur və bu, mobil rabitə sektoruna da təsir edib. Şirkətin apardığı müşahidələr göstərir ki, bu ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə mobil rabitə bazarı təqribən 3 faiz azalıb. Çalışırıq bu şəraitdə daha qənaətcil olaq.
Ümumiyyətlə, “Bakcell” şirkəti hər zaman çalışıb ki, vəsaitini düşünülmüş şəkildə xərcləsin. Biz lazımsız xərclərimi yenidən nəzərdən keçirmişik. Bəzi önəmli olmayan layihələri dayandırmışıq. Anlayırıq ki, bizim müştərilərimiz müəyyən çətinliklərlə üzləşə bilərlər. Biz də çalışacağıq bu vəziyyətdə onlara kömək edək”.
Hər 100 nəfərə 112 mobil abunəçi
Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovun sözlərinə görə, yeni mobil operatorun yaradılması ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi müraciət edilməyib: “Müraciət daxil olduqdan sonra müzakirələr aparılacaq. Düşünürəm ki, yeni mobil operatorun yaradılması ölkəmizdə mobil şəbəkə sisteminin fəaliyyətini daha da aktivləşdirəcək. Mobil telefon və mobil nömrə istifadəçilərinin sayının artması gözlənilir. Bu ilinin birinci yarısı üzrə statistik göstəricələrə əsasən, ölkəmizdə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabər olub. Azərbaycan 100 nəfərə düşən mobil abunəçilərin sayına görə ümumi orta dünya göstəricisini 17 faiz üstələyir. Mobil abunəçilər üzrə orta dünya göstərici 96,1 ədəddir”.
Keyfiyyətli xidmət uğrunda mübarizə
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə hesab edir ki, Azərbaycanda mobil rabitə bazarından istifadə edən insanların statistikası elə də böyük deyil: “Bununla belə, mobil bazarda böyük rəqabət müşahidə olunmur, yeni çeşidli xidmət təklifinə rast gəlinmir. Fikrimcə, belə şəraitdə yeni operatorun bazara daxil olması istifadəçilərin ziyanına olmaz. Yeni mobil operator yalnız indiyə kimi oturuşmuş operatorlar üçün müəyyən problemlər yarada bilər.
Çünki yeni operator 4G TDD-LTE Advanced ilə bazara daxil olacaq ki, bu da daha keyfiyyətli xidmət deməkdir. Fiber-optik şəbəkəsi var ki, əsasən internet satır. Fiber-optik üzərində mobil infrastruktur qurmaq üstünlük sayılır. Nəzərə alsaq ki, hazırda mobil abunəçilərin daha çox internetə ehtiyac var.
Bununla belə, start vəziyyəti çox güclüdür, bu da mobil operatorlar arasında rəqabəti çətinləşdirəcək. Daha keyfiyyətli xidmət uğrunda mübarizə başlayacaq. Sözsüz, bu, qiymətlərə də təsir edəcək, özü də müsbət təsirdən söhbət gedə bilər. Qiymət endirimləri güman ki, qaçılmaz olacaq və daha çeşidli, müxtəlif mobil xidmətlər ortaya çıxacaq”.
Ekspertin sözlərinə görə, mobil operator abonentlərə təklif etdikləri xidmətlər sayəsində hər il kifayət qədər gəlir götürürlər: “Gəlirlərə baxmayaraq Azərbaycanın mobil bazarında müəyyən boşluqlar hələ də qalır. Məsələn, istifadə edilməmiş resurslar var ki, yeni mobil operatorun yaradılması həmin resurslar üzrə xidmətlər göstərə bilər. Söhbət səhiyyə, nəqliyyat və digər sahələr üzrə mobil xidmətlərdən gedir. Yeni mobil şirkətin fəaliyyətə başlamasından sonra həm dövlət orqanları, həm də özəl sektorda fəaliyyət qurumlar sözügedən mobil operator vasitəsilə vətəndaşlara xidmət təklif etməlidirlər”.
Osman Gündüz xatırladıb ki, “Azercell”in Azərbaycanda mülkiyyətçisi dəyişir: “Əvvəl səhmlər başqa şirkətə məxsus idi, indi çox güman ki, fərqli bir şirkətin ixtiyarına keçəcək. Bu da “Azercell”in fəaliyyətində təsirsiz ötüşməyəcək. Qeyd edim ki, “Azercell” son 10 ildə Azərbaycana 1 milyard dollar investisiya qoyub”.
Qeyd edək ki, “Azercell”in baş şirkəti olan “TeliaSonera” tədricən Avrasiya regionundan çıxaraq əsasən Avropa regionunda fəaliyyət göstərəcəyini bəyan edib. İsveçin telekommunikasiya nəhənginin açıqlamasında bildirilib ki, şirkət Avrasiya regionundan tamamilə çıxacaq.
“TeliaSonera”Azərbaycanda “Azercell” brendi altında fəaliyyət göstərir.
İLHAMƏ