13 Oktyabr 2015 10:51
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Neftin dünya bazarında qiyməti Azərbaycan üçün valyuta və maliyyə stabilliyi baxımından olduqca vacibdir”

Sentyabrın sonlarından başlayaraq neft qiymətlərinin bahalaşması davam edir. Oktyabr ayında dünya bazarında “Brent” markalı neftin qiyməti 11 faizə yaxın yüksəlib. Son məlumata görə, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 50,41 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 53,87 dollara, “AzəriLayt” markalı Bakı neftinin bir barreli 54,76 dollara satılıb.

Ekspertlər qiymət yüksəlişini müxtəlif səbəblərlə izah edirlər. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, qiymət artımına ABŞ-da açıqlanan iqtisadi göstəricilər təkan verib: “Birləşmiş Ştatlarda benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması da enerji bazarına ciddi təsir göstərib.

Beynəlxalq Enerji Akademiyasının məlumatına əsasən, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barrel azalıb. Bu, son 1 ildə ən aşağı istehsal göstəricidir. Hasilatın yenə azalacağı proqnozları verilir. Digər tərəfdən investorların yalnız ABŞ-da deyil, digər neft bölgələrində də sərmayə qoyuluşunu azaltması müşahidə olunur və bu, neftin potensial təklifinə təsir göstərir".

Ekspert bildirir ki, digər əsas səbəb Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar fonunda dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-sabitliyin yaranacağı narahatlığıdır: “NATO-nun son açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə investorların potensial neft təklifinin azalacağı ilə bağlı ciddi narahatlığına səbəb olur”.

Vüqar Bayramov neftin qiymətinin yüksəlməsinin Azərbaycan üçün təbii ki, faydalı olduğunu deyir: “Bu, ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar sabitliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir”.

İqtisadçı Pərviz Heydərov də hesab edir ki, neftin qiymətindəki artımın əsas səbəbi Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardır. Neftini qiymətinin yüksəlməsinin manata təsirinə gəlincə, iqtisadçı bunları dedi: “Təbii ki, neftin dünya bazarında qiyməti Azərbaycan üçün valyuta və maliyyə stabilliyi baxımından olduqca vacibdir. Bildiyimiz kimi, Azərbaycan neft ixrac edən ölkədir. Bunun üçün də ölkənin formalaşmasında neft sektorunun payı kifayət qədər yüksəkdir. Neftin bahalaşması Azərbaycan iqtisadiyyatı üçün birmənalı şəkildə müsbət təsirlərə malikdir.

Nəzərə alsaq ki, bahalaşma dövlət gəlirlərində artıma nail olmaq üçün Azərbaycana əlavə imkan verir, bu mənada prosesin birmənalı şəkildə dövlət gəlirlərinin artmasına müsbət təsir göstərəcəyini demək olar. Neftin dünya bazarında qiyməti Azərbaycan üçün valyuta və maliyyə stabilliyi baxımından olduqca vacibdir. Manatın stabilliyi üçün ölkəyə daxil olan xarici valyutanın həcmi üçün də bu, çox vacibdir".

İqtisadçı hesab edir ki, dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanda milli valyutanın və maliyyə stabilliyinin qorunması baxımından müsbət amildir: “Bu, həm də manatın dollara nisbətdə olan məzənnəsinin yüksəlməsini müşahidə etməyə imkan verəcək. Bütün faktorları nəzərə alsaq, neftin dünya bazarında qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatı üçün müsbət təsirlərə malikdir”.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat proqnozlaşdırılır. Bu məbləğin 6 milyard manatı Dövlət Neft Fondundan birbaşa köçürmə kimi nəzərdə tutulur.

Dövlət büdcəsində neftin 1 barreli 40-50 dollar arası müəyyənləşdirilib.

Naibə Qurbanova


Müəllif: