Nigar Pənahova: “Sosial sığorta iştirakçılarının uçotu sahəsində xidmətlər tam elektronlaşdırılıb”
“Cari ilin yanvar-sentyabr aylarında sığorta olunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilib və 1 oktyabr 2015-ci il tarixə sosial sığorta nömrəsi verilmiş və fərdi hesab açılmış sığortaolunanların sayı 3 milyon 136 min nəfəri ötüb. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ilin əvvəlinə nisbətən 160,1 min nəfər artıb ki, bu da ölkədəki iqtisadi inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin yaradılmasının, habelə sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.” Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova bildirib.
Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri bildirib ki, əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə Fond tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin sentyabr-oktyabr aylarında 5 yeni - “Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması” (891), “Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması” (1237), “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu”, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” (2292) və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətləri əhalinin istifadəsinə verilmiş və bununla da sığortaedən və sığortaolunanların uçotu sahəsində əhaliyə təqdim edilən xidmətlərin tam elektronlaşdırılması təmin edilmişdir. Bu xidmətlərin istifadəyə verilməsi sığortaedənlərin və sığortaolunanların uçota alınma prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır. Bu xidmətlər sosial sığorta iştirakçılarının geniş marağına səbəb olmuş və qısa zaman ərzində istifadəyə verilmələrinə baxmayaraq 4500-dən çox istifadə sayı qeydə alınıb.
Daha sonra N.Pənahova sosial sığorta iştirakçılarının ən çox müraciət etdiyi elektron xidmətlərdən olan “Sığortaolunanın onlayn uçota alınması” xidməti barədə məlumat verərək bildirmişdir ki, cari ilin 9 ayı ərzində bu xidmət vasitəsi ilə elektron şəkildə daxil olmuş müraciətlər əsasında 99981 nəfər sığortaolunana sosial sığorta nömrəsi verilərək fərdi şəxsi hesab açılıb.
Həmçinin diqqətə çatdırılıb ki, “Elektron hökumət” portalı vasitəsilə ən çox müraciət olunan elektron xidmətlərdən biri də “Sığortaolunanlara məlumatların verilməsi” xidmətidir ki, bu xidmət vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları istər Fondun veb səhifəsi, istərsə də “Elektron hökumət” portalı vasitəsi ilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.
N.Pənahova vurğulayıb ki, bu gün fərdi şəxsi hesablarında yaranmış uyğunsuzluqlarla əlaqədar vətəndaşlar ilk növbədə onlar haqqında məlumatları Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş sığortaedənlərinə müraciət etmədən və ya onun aradan qaldırılmasını sığortaedəndən tələb etmədən birbaşa surətdə Fonda müraciət edirlər. Qanunvericiliyə müvafiq olaraq sığortaolunanlar üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan əməkhaqqı və digər gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, vaxtında və dürüst Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək sığortaedənin vəzifəsidir. Bu xidmətin istifadəyə verilməsində də başlıca məqsəd vətəndaşların gələcək pensiya hüquqlarında şəffaflığın təmin edilməsi üçün inzibati nəzarətin ictimai nəzarətlə əvəz olunmasıdır.
Naibə QURBANOVA