Türk Standartları İnstitutunun prezidenti Sebahittin Korkmazin rəhbərlik eydiyi nümayəndə heyəti ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov arasında görüş keçirilib.
Komitədən verilən məlumata görə, Ramiz Həsənov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib.
Komitə sədri bildirib ki, qeyri-neft sektorunun inkişafını sahibkarlığa geniş imkanlar yaradılmasında görən dövlət başçısı özəl sektora xüsusi qayğı ilə yanaşır və bu istiqamətdə ardıcıl olaraq islahatlar aparılır.
Artıq ölkəmizdə sahibkarlığın inkişafında yeni mərhələnin başlandığını, keyfiyyət infrastrukturunun inkişafını təmin edən qanunvericilik bazasının təkmilləşdiyini, maddi-texniki bazanın – etalon və sınaq laboratoriyalarının qurulduğunu qeyd edən Ramiz Həsənov dövlətin dəstəyi ilə görülmüş bu işlər nəticəsində kiçik və orta sahibkarlıq fəaliyyətinin daha da genişlənəcəyini, iş adamlarının sayının artacağını və dayanıqlı iqtisadi artım tempinin qorunacağını vurğulayıb.
Hazırda dünya bazarında neftın qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda neftdən asılılığın minimuma endirilməsi, qeyri-neft sektorunun sürətli inkişafı üçün keyfiyyət infrastrukturuna aid olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi alətlərindən geniş istifadə olunması yeni perspektivlər vəd edir.
Komitə sədrinin sözlərinə görə, bu sahədə Türkiyə ilə birgə fəaliyyət planı üzərində işləmək hər iki qardaş ölkə üçün faydalı olacaqdır.
Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində aparılan dövlət siyasətini xüsusi vurğulayan TSİ-nin rəhbəri ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin türkiyəli iş adamları tərəfindən də cəlbedici qəbul olunduğunu, biznes strukturlarının fəaliyyətinin genişləndiyini, bundan türkiyəli iş adamlarının da faydalandığını bildirib.
2012-ci ilin sentyabr ayında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandum”u çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi təşəbbüsünü irəli sürən Sebahittin Korkmaz bu istiqamətində fəal əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Sonra Türk Standartları İnstitutu ilə Komitənin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda standartlaşdırma, sertifikatlaşdırma və digər əlaqəli sahələrdə tərəflər arasında ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək, beynəlxalq əməkdaşlıqda tərəflər arasında bir-birinə dəstək göstərmək, sertifikatlaşdırılma sistemləri və prosedurları haqqında məlumat mübadiləsi, idxal və ixraca məhsulların keyfiyyət sınaqları üzrə şərtlər haqqında məlumat mübadiləsi, standartlaşdırma və sertifikatlaşdırma sahələrində təlimlərin təşkili qeyd olunub.
İLHAMƏ