31 Oktyabr 2015 22:07
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azər Mehtiyev: “Bu, vergidən yayınmanın qarşısının alınması baxımından müsbət addımdır”

Bundan sonra mağazaya araq-pivə almağa gedənlər özləri ilə plastik kart aparmalı olacaqlar. Çünki Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan ediləcək. Bu, İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur. Həmin dəyişikliklərdə siqaret və alkoqollu içkilərin satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərlə aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Bununla da tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda satılmasına görə 100 manat cərimə nəzərdə tutulub.

Burada “az miqdarda” dedikdə 50 manatlıq məbləğ başa düşülür. Başqa sözlə, ümumi məbləği 50 manata çatan alkoqollu içkiləri həm içmək, həm də alıb-satmağa görə 100 manat cərimə tətbiq olunacaq.

Siqaretlərin isə pərakəndə satışı nağd yolla mümkündür, amma yalnız çəkmək üçün. Əgər siqaret sonradan satılmaq məqsədilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda 100 manat cərimə nəzərdə tutulur.

Paralel olaraq Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə, nağd yolla alınıb satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Əgər belə hal daha böyük məbləğdə baş verərsə, yəni 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar.

İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklər araq və digər spirtli içkilərlə yanaşı, pivə satışına da aiddir. Yəni bundan sonra pivə satışı da yalnız plastik kartla və bank ödənişləri ilə həyata keçiriləcək. Başqa sözlə, yay mövsümü üçün ənənəvi olan “pivə məclisləri” təşkil etmək üçün iştirakçılardan azı birinin plastik kartı və bu kartda lazımi məbləğ olmalıdır.

Məsələ bununla bitmir. Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra nəinki mağazadan, hətta restoranda araq almaq istəyənlər də onun pulunu kartla ödəməli olacaqlar. Belə ki, restoranda yeməklərin pulunun nağd ödənilməsinə icazə olsa da, araq və ya digər alkoqollu içkilər sifariş edərkən onun pulu yalnız kartla ödənməlidir.

Yəni restoranda içki içmək istəyənlər də bura kartla gəlməli olacaqlar.

Qeyd edək ki, alkoqollu içkilərin və siqaretlərin satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələr sayılırdı. Özü də bu sahədə əsas problemlərdən biri pərakəndə yox, topdansatış məntəqələri ilə bağlıdır. Bu vaxta qədər mağaza sahiblərinin böyük hissəsi topdansatış məntəqələrində aldıqları araq-siqaret məhsullarına görə qaimə faktura ala bilmirdilər. Bu isə nəinki topdansatış məntəqələrinin vergidən yayınmasına imkan verirdi, həm də pərakəndə satış məntəqələrinin vergidən yayınmasına şərait yaradır və ya onların işində problemlərə səbəb olurdu.

Qanunlara ediləcək son dəyişikliklər isə bu halların qarşısını almalıdır. Alkoqollu içkilərin və siqeretlərin satışında tətbiq olunacaq yenilik başqa bir dəyişikliyə də səbəb olacaq. Bunların satışı üçün plastik kart tələb olunduğuna görə bu məhsulların satış nöqtələrinin hamısında pos-terminallar quraşdırılmalıdır. Əks halda bu obyektlərdə alkoqollu içki və tütün məmulatlarının satışı ümumiyyətlə mümkün olmayacaq.

Xatırladaq ki, hələ ötən il Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bu məsələ müzakirə olunmuşdu. O zaman spirtli içkilərin yalnız plastik kartlarla alınması ilə bağlı qanunvericiliyə dəyişiklik yetkinlik yaşına çatmayanların bu məhsulları alması üçün baryer yaratmaq məqsədi güddüyü bildirilirdi.

İqtisadçı-ekspert Azər Mehtiyev məsələnin yenidən günədəmə gəlməsini müsbət saysa da, olunacaq dəyişikliyin real vəziyyətə uyğun gəlmədiyini deyir: “Əhalinin böyük hissəsinin plastik kartlardan istifadə imkanları məhduddur. Hazırda kütləvi şəkildə plastic kartı olan təbəqə pensiyaçılar və müvafiq idarə və müəssisələrdə şalışan işçi qüvvəsidir. Bu isə əhalinin heç yarısı eləmir. Olanlar isə kartdan pulu çıxarıb yenə də nəğd ödənişə üstünlük verirlər. Odur ki, verilən qərarlar, məhdudiyyətlər real vəziyyətə uyğun olmalıdır”.

Ekspert digər bir çatışmazlığın müvafiq yerlərdə pos-terminalların azlığı ilə bağlı olduğunu deyir: “Satış məhdudiyyəti daha çox ticarət obyektlərinə şamil olunur. Paytaxtda bu o qədər də nəzərə çarpmaya bilər, amma regionlarda paytaxtdan kənarda post-terminalla təmin olunmuş ticarət-iaşə obyektlərinin sayı azdır. Belə bir vəziyyətdə sözügedən məhsulların yaxın vaxtlarda yalnız plastik kartla satılması məsələsi real deyil. Bu, vergidən yayınmanın qarşısının alınması, istehlakçılarn hüquqularının qorunması, elektron ticarətin genişlənməsi baxımından müsbət addımdır. Amma əvvəlcə qeyd olunan çatışmazlıqlar aradan qaldırılmalıdır”.

Ekspertlər sözügedən məhsulların plastik kartla satışını həm də təhlükəsizliklə əlaqələndirirlər. Yeri gəlmişkən, Rusiyada da spirtli içki və tütün məhsullarının satışı xüsusi qaydalarla həyata keçirilir. Federasiya ərazisindəki əkər böyük şəhərlərdə spirtli içkilər yalnız xüsusiləşmiş mağazalarda satılır.

Bundan əlavə, Rusiyada 23.00-dan 08.00-a qədər spirtli içkilərin satışı qadağan edilib və alkoqoldan istifadəyə 18 yaş məhdudiyyəti qoyulub.

Spirtli içkilərin nağd pulla satışının qadağan olunması da Rusiya Dövlət Dumasında səslənən təkliflər siyahısındadır. Burada da rəsmilər spirtli içkilərin bank kartı vasitəsi ilə satışı həm də kiçik mağaza və köşklərdə bu məhsulun satışını əngəlləyəcəyini düşünürlər.

Ötən il Türkiyə parlamenti də ölkədə alkoqolun satışını məhdudlaşdıran qanun qəbul edib. Qanuna görə, Türkiyədə axşam saat 22.00-dan səhər saat 6.00-dək spirtli içkilərin satışı qadağan edilib. Göstərilən müddət ərzində alkoqol satışına qadağa ölkənin turizm obyektlərində də tətbiq edilir. Qanunu pozan mağaza və müəssisələr üçün 5 mindən 200 min lirəyədək məbləğdə cərimə nəzərdə tutulub.

Bundan başqa, televiziya ekranlarında da reklan çarxlarının, filmlərin nümayişi zamanı alkoqollu içkilərin nümayişi qaydalarına dəyişikliklər edilib.

Ümumi rəylərə əsasən isə insanlar ölkədə spirtli içkik satışına hər hansı məhdudiyyət qoyulmasını məqbul saymırlar. Bu, Azərbaycanda hələ sovet dönəmində belə əhalinin spirtli içkiyə meyilli olmaması ilə izah edilir.

Naibə


Müəllif:

Oxşar xəbərlər