12 Noyabr 2015 23:36
484

Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi Fransis Braunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Noyabrın 12-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, qurumun sədri Qorxmaz Hüseynov Dünya Bankı ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin uğurla davam etdiyini, artıq bu şəhərlərdə əhalinin layihələrdən faydalandığını diqqətə çatdırıb.

Dünya Bankının su təchizatı və kanalizasiya layihələri üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyinat aldıqdan sonra ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Fransis Braun bildirib ki, Azərbaycanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülür. O, hər 4 şəhərdə işlərin gedişindən razı qaldıqlarını və Dünya Bankının bundan sonra da Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dəstək verəcəyini diqqətə çatdırıb.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Cəmiyyətin yeni Təlim-Tədris Mərkəzinin inşa olunduğunu bildirib. Deyib ki, “Azərsu” Dünya Bankının regional təlimlərinin Bakıda keçirilməsinə hazırdır.

Qeyd edək ki, Dünya Bankının su təchizatı və kanalizasiya üzrə aparıcı mütəxəssisi vəzifəsini indiyə qədər Manuel Marino icra edirdi.

SEVİL


Müəllif: