Samir Əliyev: “Tezliklə yeni reklamların şahidi olacağıq”
Bir müddət əvvəl “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov metroda növbəti dəyişiklik barədə göstəriş verib. Zaur Hüseynov metro vaqonlarındakı reklam və elanların tezliklə yığışdırılmasını tapşırıb. Buraya vaqonlardakı səsli reklam monitorları, reklam, elan və afişaların vurulduğu bütün şitlər aiddir. Artıq bir neçə metrostansiyada bu göstərişin icrasına başlanılıb.
Ticarət köşklərinin yığışdırılmasından sonra reklamlardan da imtina metropolitenin qazancının ixtisara düşəcəyini göstərir. Bəs gəlirin azalması metropolitenə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin və ya gediş haqqının artırılmasına şərait yarada bilərmi?
“Reklam verən şirkətlər rəhbərliyə yaxın olur”
İqtisadçı-ekspert Samir Əliyev metroda reklamların verilməsinin bir müddət sonra yenidən bərpa olunacağını deyir: “Doğrusu, metroda reklamların tamamilə qadağan oldunduğunun şahidi deyiləm. Bəzi stansiyalarda reklamlar hələ də qalmaqdadır. Tam ləğv olunacaq, yoxsa yox, bunu zaman göstərəcək. Əminəm ki, reklamlar yenidən veriləcək.
Çünki bütün dünya təcrübəsi göstərir ki, metropolitenlərdə reklam geniş yayılmış tendensiyadır. Bir qayda olaraq Azərbaycanda reklam edilən özəl şirkətlər məhz qurum rəhbərliyinə yaxın şirkətlər olur. İndi yeni rəhbər gəlib köhnə reklam müqavilələrini pozur və qısa müddətdən sonra yeni reklamlar ortaya çıxacaq".
“Maya dəyərinə qalsa, gediş haqqı 20 qəpik yox, daha baha olar”
Ekspert metropolitenin əsas üç mənbədən gəliri olduğunu bildirir:
“Birinci, dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti, ikinci, gediş haqları, üçüncü, metropolitenin digər kommersiya fəaliyyətləri. Bunun, təbii ki, üçündən birinin dayandırılması büdcəyə öz təsirini göstərəcək.
Digər nəqliyyat sahələrində olduğu kimi, metropolitendə də qiymətlər dövlət tərəfindən tənzimlənir. Yəni qiymətlər Tarif Şurasının qərarı ilə müəyyən edilir. Burada da, təbii ki, bir sıra amillər nəzərə alınır. Həm maya dəyəri məsələsi, həm də daha çox strateji sahə olduğundan əhalinin təklifi nəzərə alınır. Yəni maya dəyərinə qalsa, gediş haqqı 20 qəpik yox, daha baha olar. Ancaq hökumət əhalinin durumunu əsas götürərək bir sıra məhsulların qiymətini tənzimləyir, o cümlədən metrodan istifadə haqqını".
“Qiymət artımının sonu yoxdur”
Samir Əliyevin sözlərinə görə, maya dəyərinin ictimaiyyətə düzgün şəkildə çatdırılmaması bir sıra məqamları tam olaraq müəyyənləşdirməyə mane ola bilər: “Maya dəyəri ilə bağlı da bəzi fikirlər səslənir. Səhv etmirəmsə, sonuncu dəfə köhnə rəhbərlik tərəfindən belə bir fikir səslənmişdi ki, bir sərnişinin daşınması 49 qəpiyə başa gəlir. Yəni belə çıxır ki, burada ən azı yarıbayarı fərq var.
Ancaq bir məsələ də var. Əgər bu gün metrodan istifadə haqqı 50 qəpiyə qaldırılsa, 1-2 aydan sonra metropoliten rəhbərliyi deyəcək ki, bir sərnişinin daşınması 70-80 qəpiyə başa gəlir. Bu, sonsuz olaraq artacaq. Çünki bu məsələnin kökündə o durur ki, qiymətlərin formalaşdırılması çox qapalı aparılır, ictimaiyyətdən gizlədilir. Əsaslandırmanın necə müəyyənləşdirilməsi bəlli deyil. Təbii ki, 5 işçi lazım olan yerə 10 işçi götürüləcəksə, idarəetmə düzgün və effektiv aparılmadıqda maya dəyəri də artacaq".
“Ticarət obyektləri və reklamlar bərpa ediləcək”
Metropolitenin təsərrüfat hesabı ilə fəaliyyət göstərdiyini söyləyən iqtisadçı müəssisəyə dövlət büdcəsindən həm dotasiya verildiyini, həm də investisiya xərcləri vasitəsilə pul ayrıldığını bildirir:
“Ayrı-ayrı stansiyaların tikilməsi dövlət büdcəsi hesabına başa gəlir. Büdcədən metropolitenə onsuz da vəsait ayrılır, ehtiyac olsa, quruma ayrılan maliyyə artırıla bilər. Ancaq ayrılan vəsait səmərəsiz istifadə edilirsə, nə qədər artırsan da, bəs eləməyəcək”.
İqtisadçı tezliklə metrolarda yeni reklamların peyda olacağını gözləyir: “Belə bir gəlirdən heç bir müəssisə imtina eləməz”.
Sevinc FƏDAİ