Proqnozlara görə, bahalaşma ilin sonunadək davam edəcək
Bakı şəhəri üzrə yaşayış təyinatlı daşınmaz əmlak bazarı portfelində ümumi təklif 2069 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 12,07 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə isə 28,45 faiz az olub. Bu barədə paytaxtın mənzil və torpaq bazarını araşdıran “MBA Consulting Group” şirkətindən məlumat verilib.
Bazarda hesablanmış orta qiymət isə mart ayı ərzində 2,06 faiz artaraq 1992 dollar/kv.m-dən 2033 dollar/kv.m-ə qədər yüksəlib.
Ümumən bazarda daha əvvəlki aya nisbətən ötən ay qiymətlərin artması ilə yanaşı təklifin sayının azalması müşahidə edilib. Əmlak bazarında qiymətin sıçrayışlı artması səbəbini son vaxtlar Bakı şəhərində “Sovetski” adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla əsaslandırmaq olar. 1500-2000-ə yaxın yaşayış mənzillərinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib.
Digər tərəfdən, daşınmaz əmlak bazarındakı qiymət artımını son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri ilə də izah eləmək olar.
Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyunkturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə təklif portfelində bahalı evlərin payı 44,87 faizdən 3,28 faiz artaraq 46,34 faizə qalxıb, ucuz evlərin payı isə 2,67 faiz azalaraq 55,13 faizdən 53,66 faizə düşüb.
Məlumata görə, bu ilin mart ayı ərzində təkrar bazarda 2069 yaşayış mənzili satışda olub.
Təklif portfelində mərkəzi rayonlar, mərkəzdən kənar rayonlarla müqayisədə mütləq üstünlük təşkil edir ki, bu da ərazinin sosial durumundakı fərqlərlə izah edilir. Uyğun olaraq bazarın layihələr üzrə bölgüsündə də yerdəyişmələr görünməkdədir. Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “Alman”, “Eksperimental”, “Kiyev”, “Stalinka” və “Xruşşovka” layihəli binalarda müşahidə olunub. Bazarda dövr edən mənzillərin otaq say göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib, təklif olunan mənzillərin sayındakı azalma əsasən bütün növ mənzillərin payına düşüb. Satışı heç də 3 otaqlı mənzillərdən geri qalmayan 2 otaqlı mənzillərin təklif sayında isə azalma daha çox müşahidə olunub. Nəticədə isə bütün mənzillərin payında azalma müşahidə olunub.
Ay üzrə orta qiymətlərdə və qiymət indeksində artım müşahidə edilib. Orta qiymət mart ayı ərzində 2,06 faiz artaraq 1992 dollar/kv.m-dən 2033 dollar/kv.m-ə qədər yüksəlib. Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib.
Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin artması mövsümi ayların davamı və təklif portfelində struktur dəyişikliyin nəticəsi olub. Bununla belə, bahalı mənzillərin orta qiymətləri ötən ayla müqayisədə 1,51 faiz, ucuz evlərin qiymətləri isə 1,17 faiz artımla yadda qalıb. Ay ərzində moda 2000 dollar/kv.m-dən 2 548 dollar/kv.m-ə və median isə 1930 dollar/kv.m-dən 3,01 faiz artaraq 1988 dollar/kv.m təşkil edib. Göründüyü kimi, qiymət strukturunda ağırlıq mərkəzi yuxarı istiqamətdə dəyişib.
Bazarda qiyməti 85-95 min ABŞ dolları arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 38,5 faizə malikdir. Mənzillərin orta otaq sayı 2,5, hər otağın orta satış qiyməti 68 448 ABŞ dolları, mənzilin orta qiyməti 171 119 ABŞ dolları, daimi struktur ilə isə 132 160 ABŞ dolları təşkil edib. Layihələr üzrə qiymətlərin artması mövcud olan bütün layihələr üzrə qeydə alınıb.
Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi artım müşahidə edilib. Bunu son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar.
Mənzil bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, ötən ilin sonundan davam edən qiymət artımı mart ayında da qeydə alınıb: “Son illər ölkə iqtisadiyyatının digər seqmentlərinin heç birində nəzərəçarpacaq qiymət artımı olmadığı halda, daşınmaz əmlak bazarında fərqli dinamika müşahidə edilib. Amma nəzərə alsaq ki, qiymətlər üzü yaya doğru artmaqdadır, bu, mənzil bazarında vəziyyətin bir qədər fərqli şəkildə cərəyan etməsi deməkdir. Çünki adətən yayda mənzillərin qiymətində ucuzlaşmaya öyrənmişik, bu il əksinə olacaq”.
Ekspert bahalaşmanın sentyabr ayına qədər davam edəcəyini proqnozlaşdırır.
Naibə QURBANOVA