Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ofisində “Qeyri-həyat sığortası üzrə qiymətləndirmə” mövzusunda təlim keçirilib. Təlim Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yerli sığorta şirkətlərinin aktuarları üçün təşkil olunub.
Görüşdə “Atəşgah Sığorta”, “Buta Sığorta”, “Qarant Sığorta”, “Meqa Sığorta”, “Standard Insurance”, “AXA Mbask”, “Qala sığorta”, “PAŞA Sığorta”, “Rəvan Sığorta”, “A-Qroup” və “Azərbaycan Sənaye Sığorta” şirkətlərinin aktuarları iştirak edib. Təlimin əsas istiqaməti avtonəqliyyat vasitələrinin sığortası üzrə difersifikasiyaları da əhatə etməklə sığorta tariflərinin hesablanması üzrə riyazi və proqram əsaslarının izahı olub. Aktuarlara sığorta tariflərinin hesablanması üzrə “Generalized Linear Models” (GLM) prinsipi izah olunub.
Həmçinin statistik hesablamaların aparılması üzrə dünyada ən çox istifadə edilən proqram təminatlarından biri olan “R studio” proqramı barədə məlumat verilərək, proqramın GLM skript-dən istifadə qaydaları tədris edilib.
GLM əsasında hesablama aparılarkən sığorta obyekti ilə bağlı bütün hallar nəzərə alınır. Misal üçün, avtomobil sığortası üzrə sürücünün yaşı, cinsi, avtomobilin modeli, rəngi və s. kimi detallı məlumatların statistikası daxil edilməklə, daha sonar “R studio” proqramının GLM skript-dən istifadə etməklə məlumatlar emal olunur və sığorta tarifi avtomatik hesablanır. GLM – zərərlərin sayının, bir zərərin orta qiymətinin, böyük məbləğdə zərərlərin məbləğinin və sayının proqnozlaşdırılması üzrə Avropanın sığorta şirkətləri tərəfindən ən çox tanınan metoddur və ABŞ, Kanada, Yaponiya, Braziliya, Sinqapur, Malayziya kimi ölkələrin aktuariləri tərəfindən öz işlərində istifadə edilməkdədir.
Qeyd edək ki, GLM-in ənənəvi metodlardan əsas üstünlüyü sığorta tariflərinin hazırlanması zamanı bütün halların nəzərə alınmasıdır.
Naibə QURBANOVA