15 Dekabr 2015 16:14
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Əmirov: “İnzibati məsuliyyətin tətbiq edilməsində əsas məqsəd ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasıdır”

Dekabr ayının 15-də Vergilər Nazirlyində KİV nümayəndələri ilə görüş keçirilib. Tədbiri girişi sözü ilə açan vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov görüşün əsas məqsədinin vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı KİV-ləri məlumatlandırmaq, ortaya çıxan suallara aydınlıq gətirməkdən ibarət olduğunu bildirib.

Natiq Əmirov ölkədə yürüdülən davamlı iqtisadi inkişaf strategiyasının nəinki sabit iqtisadi inkişaf dövründə, eləcə də dünyada qlobal iqtisadi dəyişikliklərin baş verdiyi müasir şəraitdə də böhranların yaratdığı problemlərin təsirlərini azaltmağa zəmanət verdiyini deyib: “Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirlər hissəsi artmalı, həm biznes strukturları, fərdi sahibkarlar, həm də vergi orqanları bu sahədə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov məlumat verib. O, dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayıb. Natiq Şirinov qeyd edib ki , dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişləndirilməsinin təşviqi də bu gün qarşımızda duran əsas vəzifələrdəndir.

Jurnalistlərin suallarını cavablandıran Natiq Əmirov son vaxtlar gündəmdə olan bəzi məsələlərə aydınlıq gətirib. O, bildirib ki, dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz tam icra ediləcək: “Vergilər Nazirliyi 2015-ci ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu tam icra edəcək. On bir ayın nəticələrinə əsasən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,5 milyard manat daxil olub ki, bu da proqnoza uyğun gəlir. Daxilolmaların 70 faizi qeyri-neft sektorunun hesabına formalaşdırılıb. Gələcəkdə də bu göstəricinin sabit qalacağı istisna olunmur”.


Natiq Əmirov bank sektoru üzrə vergi ödənişlərinin artdığını da açıqlayıb. Nazir müavininin sözlərinə görə, ötən ilin 11 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkədə bank sektorunun vergi ödənişləri 35 faiz artıb.

Natiq Əmirov şou-biznes nümayəndələrinin vergidən yayınması ilə bağlı sualı da cavablandırıb: “Şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi uzun müddət davam etməyəcək. Dünyada ən doğru vergiyə cəlb olunma mexanizmi əldə edilmiş gəlirlərə görə müəyyənləşdirilən vergilərdir. Yəni, hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərinə münasib vergilərini ödəməlidir. Bunun üçün ən mühüm şərt gəlir və xərclərin şəffaf uçotunun aparılmasıdır. Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, konkret bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləsin, gəlirlərini hesablasın və buna müvafiq olaraq vergini hesablasın. Bizim şou-biznes nümayəndələri ilə söhbətlərimiz olur. Onlar deyir ki, konsertdən 10 min manat vəsait qazandım, amma onun 12 min manatını dekorasiyaya xərclədim ki, piar edim və toy sifarişlərimi artırım. Xərclər olmadığına görə, əhəmiyyətli olaraq bu vergilərin gəlirlər üzərindən hesablanmasını edə bilmirik. Biz kütləvi şəkildə vergilərin hesablanmasına başlasaq, sual yaranacaq ki, niyə kiməsə vergi çoxdur, kiməsə az”.

Nazir müavini əlavə edib ki, şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergiləri ödəmələri xahiş olunub. Lakin bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq: “Ola bilər ki, yeni mexanizm hər bir şou-biznes nümayəndəsi ilə münasibətdə ədalətli olmaz. Lakin ən azından şəffaf olacaq”.

Tədbirdə həmçinin fərdi xidmətlər göstərən şəxslərin də vergiyə cəlb olunacağı bildirilib. Natiq Əmirov bu istiqamətdə mexanizmlərin hazırlandığını deyib: “Biz dayələrin, repetitorların, ustaların və digər şəxslərin göstərdikləri xidmətlərdən hansı formada vergi tutulacağını müzakirə edirik. Bu, patentlər, sadələşdirilmiş bəyannamə və sair ola bilər. Bu sahədə beynəlxalq təcrübə öyrənilir və yekun qərar hələ qəbul edilməyib.

Tədbirdə son günlər müzakirə mövzusu olan spirtli içkiləri nağd satan kafe və restoranların cərimələnəcəyi barədə də məlumatlara da aydınlıq gətirilib. Bu mövzuda açıqlama verən Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib ki, iaşə obyektlərində alkoqol içkilərini nağda pula satmağa görə həmin obyektlərin sahibləri inzibati məsuliyyətə cəlb edilməyəcək. Onun sözlərinə görə, iaşə obyektlərində satılan alkoqol menyunun bir hissəsidir və bağlı butulkalarla deyil, daha çox tökülərək satılır, bu səbəbdən də buna cərimə şamil edilməyəcək.

Natiq Əmirov isə əlavə edib ki, bu cür inzibati məsuliyyətin tətbiq edilməsində əsas məqsəd ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasıdır: “Bununla əlaqədar ilk növbədə aksiz markası ilə markalanmalı olan malların seçilməsi onların ilkin ehtiyac mallarının olmaması ilə bağlıdır. Biz hansısa sahədən başlamalı idik və qərara gəldik ki, aksiz markası ilə markalanmalı olan malların əldə edilməsi zamanı nağdsız hesablaşmaların tətbiqi ölkə əhalisi üçün daha az narahatlıq yaradacaq”.

Natiq Əmirov bu məhdudiyyətlərin tütün məmulatlarına aid edilmədiyini bildirib.

Nağdsız satışın tətbiq olunduğu təqdirdə pos-terminalların yetəri sayda olub-olmaması gündəmə gəlir. Natiq Əmirov ölkədə kifayət qədər pos-terminalın olduğunu, olmayan obyektlərin siyahısının isə Vergilər Nazirliyinə təqdim olunacağını deyib: “Bu gün tütün məmulatları və alkoqollu içkilərin satışı ilə məşğul olan və POS-terminalı olmayan obyektlərin siyahısı Vergilər Nazirliyinə təqdim olunacaq. Biz ilin sonuna qədər POS-terminal olmayan yerlərdə müvafiq infrastrukturun qurulmasını təmin edəcəyik”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər