21 Dekabr 2015 12:15
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samir Əliyev: “Bu qərar gözlənilən idi”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə AMB-nin açıqladığı rəsmi məzənnələr bülletenində qeyd olunub.
Məlumata əsasən, bu gün dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub. Avronun məzənnəsi 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.

Qərara münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev devalvasiyanın gözlənilən olduğunu deyib: “Manat bütün valyutalara, o cümlədən dollara münasibətdə dəyərini 47,6 faiz itirdi. Hazırda 1 dolların rəsmi məzənnəsi 1 manat 55 qəpikdir. Valyutadəyimə məntəqələrində isə daha bahadır.

Ona görə açıqlamalarımızda bunun baş verəcəyininin sadəcə zaman məsələsi olduğunu qeyd etmişdik. Hökumət üzən məzənnəyə keçid barədə danışanda artıq devalvasiyanın olacağına heç şübhə yeri qalmamışdı. Bir sözlə, müzakirə zaman və forma barədə gedə bilərdi.

Açıqlamalarda qeyd etmişdik ki, hökumət valyuta ehtiyatlarını qoruyacaq və uzağı onun 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən, Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi”.

İqtisadçı FED-in uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etdiklərinivurğulayıb: “Hər bir halda insanları aylarla üzən hadisə baş verdi. Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Bizdə fərqli ssenari olmadı.

Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı”.

Samir Əliyevə görə üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq: “Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək.

Bu, manatın ucuzlaşmasının son həddi deyil. Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq.

Hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər