Şahin Mustafayev: “İran tərəfindən Azərbaycanda qeyri-neft sektoruna 145 milyon dollar investisiya yatırılıb”
İran İslam Respublikasının Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclası keçirilib. Tədbirdə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi yüksək vəzifəli rəsmilərdən ibarət nümayəndə heyətləri iştirak edib.
İclasda çıxış edən Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərindən və keçirilən görüşlərindən sonra Azərbaycan-İran əlaqələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır.
Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafında Dövlət Komissiyasının rolunu qeyd edən Şahin Mustafayev Komissiyanın 9-cu iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib. Qeyd edilib ki, komissiyanın sonuncu iclasından sonra 50-ə yaxın qarşılıqlı səfər həyata keçirilib, 20-dən çox sənəd imzalanıb. İndiyədək isə iki ölkə arasında 108 sənəd, o cümlədən iqtisadi sahədə 30-dan çox sənəd imzalanmışdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 450-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir. İran tərəfindən Azərbaycanda əsas kapitala 760 mln. dollar, qeyri-neft sektoruna isə 145 mln. dollar investisiya yatırılıb. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.
Bu ilin oktyabrında Azərbaycanın və İranın Astara şəhərlərində keçirilmiş görüşlər zamanı Şimal-Cənub nəqliyyat dəhlizinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair razılıqlar əldə olunub, dəhlizin Astara (Azərbaycan)–Astara (İran) hissələrinə baxış keçirilib. Hər iki ölkənin dəstəklədiyi Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlərin davam etdirildiyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamının Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından vacibliyini vurğulamışdır. Birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə kimi 8 kilometrlik dəmir yolu xətti çəkiləcək, uzunluğu 100 metr olan körpü tikiləcəkdir. Bütün bunlar ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, yüklərin asan daşınmasına şərait yaradacaq. Nazir Şahin Mustafayev qeyd etmişdir ki, tranzit yüklərin Azərbaycan üzərindən daşınması daha səmərəlidir və bu sahədə Prezident İlham Əliyevin Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb, prosedurların sadələşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Koordinasiya Şurası bu sahədəki bütün məsələləri öyrənərək, onların qısa zamanda aradan qaldırılmasına nail olacaq.
Komissiyanın sonuncu iclasından sonra Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə fəaliyyət göstərən işçi qruplarının əlaqələri intensivləşib, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə 10-a yaxın biznes forum, işgüzar görüş və sərgi təşkil edilib.
Humanitar sahədə də əlaqələrimiz genişlənir, Azərbaycanın və İranın ali təhsil müəssisələri arasında əməkdaşlıq davam etdirilir.
Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev qeyd etmişdir ki, kənd təsərrüfatı, sənaye, nəqliyyat, tranzit yükdaşımaları, turizm sahələri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından geniş potensiala malikdir. Bundan başqa, Azərbaycanda yaradılmaqda olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan Respublikasının Prezidentinin İrana və İran İslam Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfərlərindən sonra ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb. Qısa müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün bir sıra işlərin görüldüyünü diqqətə çatdıran Mahmud Vaezi Dövlət Komissiyasının iclasının da ölkələrimiz arasında münasibətlərin inkişafında əhəmiyyətli olacağını qeyd edib. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan və İran arasında əməkdaşlığın inkişafında faydalı olacağını diqqətə çatdıran İranlı nazir iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bildirib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı Culfa (İran) - Culfa (Azərbaycan) gömrük-keçid məntəqəsi 24 saat fəaliyyət göstərir. İran Azərbaycanla olan bütün gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsini istəyir. Mahmud Vaezi iş adamları arasında əlaqələrin genişləndirilməsinin və qarşılıqlı investisiya qoyuluşunun da əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
İclasda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Azərbaycan-İran əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında ikitərəfli və tranzit yükdaşımalarının artırılması üçün Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində görülən işlər, o cümlədən Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsinə, dəmir yolu körpüsünün və yükaşırma terminalının tikintisi, eləcə də Astara və Biləsuvar sərhəd-keçid məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi işləri sürətləndiriləcək. Dövlət Komissiyası çərçivəsində Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində müzakirələrin aparılması məqsədilə daimi əsasda işçi qruplarının yaradılması barədə razılıq əldə edilib. İclasda həmçinin, Azərbaycan və İranın Xəzər limanlarının və gəmiçilik şirkətlərinin iştirakı ilə tranzit daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmiş və razılıq əldə olunmuşdur. Bundan başqa, iclasda İran məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasının mümkünlüyünə dair müzakirələr aparılıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Dövlət Komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar. Sənəddə sənaye, energetika, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, investisiya, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
Naibə QURBANOVA