Azərbaycanda istənilən qədər taxıl ehtiyatı var. Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda buğda və taxılla bağlı heç bir problem yoxdur: “Bu il Azərbaycanda 2,9 milyon ton taxıl istehsal olunub. Onun 1,7 milyon tonu buğdanın payına düşür. Daxili istehsal hesabına tələbat 70-80 faiz ödənilir”.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması məsələsinə toxunan M.Hacıyev qeyd edib ki, narahatlığa heç bir əsas yoxdur: "Hər kəs nazirliyin saytına daxil olmaqla bütün kənd təsərrüfatı məhsullarının qiyməti ilə tanış ola bilər. Nazirliyin qiymətlərlə bağlı informasiya portalı var. Demək olar ki, orada hər gün qiymətlər yenilənir, həm pərakəndə, həm də topdansatışla bağlı qiymətlər daxil edilir".
Nazirlik rəsmisi bildirib ki, yerli istehsal məhsullarında elə bir ciddi bahalaşma yoxdur.