24 Dekabr 2015 12:59
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan iqtisadiyyatının güclü, rəqabətədayanıqlı olması məhz onun adı ilə bağlıdır. Əbəs deyil ki, onun rəhbərliyi ilə aparılan dinamik iqtisadi siyasət nəticəsində Azərbaycan dünya ölkələrinin iqtisadiyyatları arasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. Bu gün Azərbaycanın bütün maliyyə göstəriciləri hər bir ölkə üçün nümunə ola bilər: işsizlik 5,2 faiz, yoxsulluq 6 faiz, strateji valyuta ehtiyatları Ümumi Daxili Məhsulun 70 faizi, xarici dövlət borcu Ümumi Daxili Məhsulun 7 faizi. Bütün bunlar reallıqdır.

Bu reallığın əsas memarı isə Prezident İlham Əliyevdir. Onun iqtisadi uğurlarını qeyd etmək üçünsə təkcə bu il ərzində reallaşdırılan islahatlara nəzər salmaq kifayətdir.

Sahibkara Prezident dəstəyi

Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabət qabiliyyətliliyinin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Aparılan islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Bütün dünya dövlətlərində iqtisadi artımın azaldığı bir dövrdə Azərbaycanda bu ilin 11 ay ərzində 50,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 4,0 faiz artıb. Onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 60,9 faizdən 69,3 faizədək yüksəlib.

Prezidentin qərarları nəticəsində iqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlılığının təmin edilməsi və dövlət büdcəsində vergi daxilolmalarının artırılması və nəhayət, iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılıb. Özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən islahatlar məhz prezidentin rəhbərliyi ilə reallaşmaqdadır. Təkcə 2015-ci ildə Prezidnetin imzaladığı fərman və sərəncamlar iqtisadiyyatın şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olub. Prezidentin imzaladığı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1357-IVQD nömrəli Qanununun tətbiqi və “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 dekabr tarixli 6 nömrəli Fərmanının ləğvi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1356 IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1355 IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yerli və xarici investorlar üçün əlverişli, münbit şərait yaradıb.

Eyni zamanda, bu fərman və sərəncamlar sayəsində gələn il büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək. Bu gəlirlərin təmin edilməsi isə bilavasitə sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlıdır. Daha inkişaf etmiş sahibkarlıq büdcəyə daha çox ödəniş deməkdir.

Göründüyü kimi, artıq sahibkarlığın inkişafında yeni və olduqca mühüm mərhələ başlayır. Prezidentin liberal iqtisadiyyatı və azad bazarı əsas iqtisadi prinsiplər elan etməsi ilə sahibkarlığın inkişafında başlanan yeni mərhələ xarici faktorların milli iqtisadiyyata təsirlərini minimumlaşdıra biləcək. Bu isə dayanıqlı iqtisadiyyatın möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.

Beynəlxalq qurumlar da etiraf edir...

İqtisadi islahatlar nəticəsində ölkəmizdə artıq böyük işlər görüldüyünü beynəlxalq qurumlar da qeyd edirlər. Əks halda, Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatına dair proqnozlarını dəyişməzdi. Belə ki, təşkilat Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb. BVF-nin "Dünya İqtisadi Proqnozları" adlı hesabatının oktyabr sayında qeyd olunur ki, Fond Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4 faiz artacağını gözləyir. Apreldə yayımlanmış hesabatda isə BVF-nin müvafiq roqnozu 0,6 faiz idi.

Fond gələn il Azərbaycanda Ümumi Daxili Məhsulun 2,5 faiz artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5 faiz idi.

Bundan başqa, BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9 faiz və 6,2 faiz idi. Fondun ekspertləri ehtimal edir ki, bu il Azərbaycanın tədiyyə balansı profisitli olacaq. Bu qurumun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyyə balansının profisiti 3 milyard dollar (apreldə proqnoz 5,3 milyard dollar idi), 2016-cı ildə isə 2,7 milyard dollar təşkil edəcək.

Enerji layihələri

Prezidentin uğurlu enerji siyasəti bu gün enerji təhlükəsizliyi məsələlərinin həllində də Azərbaycanın rolunu artırıb. Azərbaycanın neft-qaz siyasəti artıq nəinki bölgə ölkələrində, eyni zamanda, Avropa qitəsində enerji məsələlərinin həllinə də öz töhfəsini verir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi demək olar ki, bölgənin enerji xəritəsini böyük dərəcədə dəyişib. 2014-cü ildə isə Trans-Anadolu Qaz Kəməri (Trans Anadolu Pipeline, TANAP) layihəsinə start verilməsi, bu il Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı razılaşmaların əldə olunması Azərbaycanı çox vacib tərəfdaşa çevirib. Əvvəla, “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi Avropanın enerji xəritəsinə yeni rənglər əlavə edəcək. Digər tərəfdən, 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. Bütün bunlardan isə təbii ki, Azərbaycan, o cümlədən qonşu və qardaş Türkiyə də böyük gəlirlər əldə edəcək. Konkret olaraq layihədə əsas payı olan Azərbaycanın (ARDNŞ - 58%) əldə edəcəyi gəlirlərin milyardlarla manatla ölçüləcəyi istisnasız deyil.

Ərzaq təhlükəsizliyi

Bu gün ərzaq təhlükəsizliyi məsələləri dövlət təhlükəsizliyi konsepsiyasının mühüm tərkib hissəsinə çevrilib. Vaxtında verilmiş qərarların, Prezidentin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yoxsulluğun azaldılmasına, əhalinin rifahının yüksəlməsinə göstərdiyi diqqətin nəticəsində Azərbaycanın ərzaq bazarının idxaldan asılılığı azalıb. Bu rəqəm 22 faizdən bir qədər çoxdur. Dünyanın ayrı-ayrı regionlarında ərzaq qıtlığının getdikcə daha ağır bir problemə çevrilməsi nəzərə alınarsa, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi böyük uğurdur. Azərbaycanın bu sahədə konkret konsepsiyası mövcuddur və ona uyğun şəkildə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində vacib işlər görülür.

Kənd təsərrüfatı məhsulları istehsalının genişlənməsi üçün hökumət tərəfindən uğurlu layihələr həyata keçirilir. Torpaq sahələrinin kəndlinin istifadəsində olması, kənddə azad bazar iqtisadi münasibətlərinin formalaşması, Azərbaycan kəndlisinə xas olan torpağa bağlılıq və torpaqdan fayda götürmək meylinin güclü olması kimi amillər ölkədə aqrar sahənin sürətli inkişafı üçün etibarlı əsas yaradır. Bu gün Azərbaycanda aqrar sahənin ayrı-ayrı sferaları inkişaf edir, torpaqdan daha faydalı şəkildə istifadə olunur, müasir kənd təsərrüfatı müəssisələri yaradılır, bu müəssisələrdə istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları həm Azərbaycan vətəndaşlarının ehtiyaclarını ödəyir, həm də xarici bazara çıxarılır.

Milli valyuta siyasəti

Dövlət başçısının iqtisadi siyasətinin gücü eyni zamanda, milli valyutanın mövqeyində də öz əksini tapıb. Manat nominal dəyərinə görə son bir ilə qədər bir neçə valyuta istisna olmaqla həm dünyanın, həm də regionun ən dəyərli valyutası hesab olunub. Lakin qlobal iqtisadi tənəzzül və dünya neft bazarında süni olaraq yaradılmış qiymət böhranı nəticəsində Azərbaycanın əsas ticarət partnyorlarında milli valyutalar ucuzlaşdı. 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötdü. Nəticədə Qazaxıstan valyutası 108, Belarus valyutası 54,37% dəyərdən düşdü. Siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukrayna qrivnasının ucuzlaşma həddi 49,15%, Tacikistanın 30,04%, Qırğızıstan valyutasının dəyər itkisi 28,82% oldu. Belə bir şəraitdə dövlət başçısının siyasəti nəticəsində xalqı böyük itkilərdən sığortalamaq məqsədilə manatın məzənnəsi bir ildən çox müddətdə qorunub saxlanıldı. Hökumət əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışdı. Bu məqsədlə strateji valyuta ehtiyatlarından da istifadə edildi. Lakin ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranması nəzərə alınaraq manatın kursunun sərbəstləşdirilməsi qaçılmaz oldu. Mərkəzi Bank üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul etdi. Bununla belə yenə də qonşu ölkələrdən fərqli olaraq bazara nəzarət saxlanıldı. Çünki bu gün söhbət idarə olunan “üzən məzənnə”dən gedir.

İş yerləri

Dünyadakı iqtisadi kataklizm şəraitində aparıcı şirkətlərin, bankların ştat cədvəllərinə “əl gəzdirdikləri” dövrdə İlham Əliyevin diqqət və töhfəsi ilə bu il ölkədə 87 min yeni iş yeri yaradılıb. Bunlardan 67 mini daimi iş yeridir. İş yerlərinin yaradılması prosesi davam etdirilir. Potensial iş yerləri hesab edilən sənaye parklarının və məhəllələrinin təşkili işləri aparılır. Bakı şəhərinin Balaxanı qəsəbəsində bərk məişət tullantıları poliqonunda (3 rezidenti var), Sumqayıtda və Mingəçevirdə sənaye parkları salınıb. Xüsusi qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında birinci mərhələ üzrə infrastrukturun qurulması, demək olar ki, başa çatdırılıb. Buraya 4 rezident tərəfindən 1 milyard manatdan çox investisiyanın yatırılması planlaşdırılır. Qaradağ və Gəncə Sənaye parklarının yaradılması istiqamətində işlər isə davam etdirilir.

Bundan əlavə, Neftçala Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sənədləşmə və layihələndirmə işləri başa çatdırılaraq tikinti işlərinə başlanılıb.

“Teleqraf Media Qrup”un İqtisadiyyat bölməsi


Müəllif: