7 Yanvar 2016 19:40
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələri banklar tərəfindən müstəqil şəkildə təyin ediləcək. Yenilik Azərbaycan Mərkəzi Bankın (AMB) təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nda öz əksini tapıb.

Mərkəzi Bankın yeni qaydalarını Teleqraf.com üçün iqtisadçı Pərviz Heydərov şərh edib.

- Mərkəzi Bankın təsdiqlədiyi qaydalara görə banklar xarici valyutanın məzənnələrini müstəqil təyin edəcək. Bankın bu addımı gözlənilən idimi?
- Bu gözlənilən idi. Çünki adıçəkilən qurum tərəfindən ötən ilin dekabrın 21-i tarixində növbəti devalvasiya qərarından sonra kommersiya banklarında ABŞ dollarına qarşı tələbatın ödənilməsi imkanları daha da məhdudlaşdı. Halbuki, AMB manatın dəyərinə sonuncu korrektə qərarını qəbul edərkən isə üzən məzənnə siyasətinə keçdiyini elan etmişdi. Ancaq real vəziyyət nəyi göstərdi? Adı çəkilən qurum bunun üçün ölkədə fəailiyyət göstərən bankları dollarla təmin etməkdə aciq qaldı. Valyuta mübadiləsində qara bazarın və sair, bu kimi neqativ halların meydana gəlməsi üçün zəmin yaranması da bunun göstəricisi oldu.

Odur ki, ölkədə nağd xarici valyuta əməliyyatları üzrə nəzarəti sərtləşdirmək və milli valyutaya spekulyativ təzyiqləri azaltmaq məqsədilə təcili olaraq müvafiq addımlar atmaq tələb olunurdu. Bunun üçün isə ən mümkün vasitələrdən biri məhz, AMB İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı dəyişdirmək sayılırdı.

Yeni qəbul edilən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən, nağd xarici valyutanın alış və satış məzənnələri bankların özləri tərəfindən müstəqil şəkildə təyin ediləcək. Bu isə o deməkdir ki, hər bir bankın nağd valyuta imkanları nəyə cavab verirsə və hansı tələbi ödəyirsə necə deyərlər, o cür də hərəkət edəcək və buna müvafiq siyasət yürüdəcək. Qeyd edək ki, bu, bayaq qeyd etdiyimiz AMB-in manatın dəyərinə sonuncu korrektə qərarını qəbul edən zaman elan etdiyi üzən məzənnə siyasətinə keçidə tam uyğun gələcək.

Bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılacaq mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğindən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılması tələbinə gəldikdə isə bu, ölkədə sözügedən valyuta növünün qıtlığı ilə əlaqədardır və milli valyutaya spekulyativ təzyiqlərdən sığortalanmaq baxımından, fikrimcə, zəruri addımdır.

Sözün qısası, yeni dəyişikliklər ölkədə valyuta mübadiləsində yaranmış situasiya ilə əlaqədar kommersiya banklarına manevr etmək imkanlarını genişləndirəcək.

- Proses vətəndaşlarla banklar arasında hər hansı problem yaratmayacaq ki?
- Əsas məqsəd, sözügedən sferada qara bazarın yaranmasına imkan verməməkdir. Sadə vətəndaşlar üçün bütün bunlar heç bir problem yaratmayacaq və yarada da bilməz. Əksinə, bəzi spekulyantlar tərəfindən manatı mənfi təsirlərdən qoruyacaq. Düzdür, bəzi bankların texniki imkanları bir sıra müştərilərdə müəyyən narazılıqlar yarada bilər. Lakin bu, bankların problemi sayılacaq. Hesab edirəm ki, əsas məsələ hər bir bankın valyutaya mövcud və yaranacaq tələbi necə qarşılayacağı məsələsidir. Ümumiyyətlə, sözügedən dəyişiklər bankların məsuliyyətini və işini artıracaq. Bu mənada çaşqınlıq bankların müştərilərində deyil, onların öz işlərində və fəaliyyətində yarana və müşahidə edilə bilər.

- Bu qərarın banklar arasında seçim etmək imkanına hesablanması bankları gözləyən təhlükədən sığortalayırmı?
- Ümumiyyətlə, ölkəmizdə bank sektorunda rəqabət mühiti zəifdir. Onların bir çoxu manat ucuzlaşdırılmamışdan öncə də, sonra da məhz AMB-nin müvafiq dəstəyi və “yumşaq münasibəti” əsasında fəaliyyət göstərirlər. Bu mənada, yeni qəbul edilən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” onlar üçün kiçik də olsa, bir növ sınaq xarakteri daşıyacaq. Hesab edirəm ki, sistem əhəmiyyətli banklar üçün valyuta mübadiləsi sahəsində yeni mexanizm əksinə, özlərini təsdiq üçün bir vasitə sayılacaq və bu, hansı bankın əslində nəyə qadir olduğunu üzə çıxartmaqla müştərilər arasında da konkret fikir formalaşdıracaq.

Naibə QURBANOVA


Müəllif: