18 Yanvar 2016 21:56
431

Quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün tədbirlər barədə təkliflər hazırlamaq məqsədilə İqtisadiyyat Nazirliyində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələri ilə görüş keçirilib, bu sahənin inkişaf perspektivləri müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Quşçular Cəmiyyətinin və 10-dan artıq quşçuluq təsərrüfatının nümayəndələrinin iştirak etdiyi görüşdə dövlət başçısı tərəfindən aqrar sahəyə, eləcə də quşçuluğun inkişafına xüsusi diqqət göstərildiyi vurğulanmış, əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Görüşdə quşçuluğun inkişafı, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi və bu sahədə ixrac potensialının artırılması, sənaye üsulu ilə quş əti istehsalının daha da artırılması imkanları barədə müzakirələr aparılıb.

Quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - yem əlavələri, baytarlıq preparatları və vaksinləri, məhsulların satış şərtləri, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması barədə təkliflərini bildiriblər.

Naibə QURBANOVA


Müəllif: