18 Yanvar 2016 23:22
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlər verilib və təkliflər hazırlanır. Burada qanunvericilikdə də dəyişikliklər edilməlidir və Milli Məclis növbədənkənar toplantı keçirəcəkdir. Çünki bu addımlar atılmasa, bizim iqtisadi islahatlarımızın uğurlu icrası ləngiyə bilər”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.

İlham Əliyev bildirib ki, bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq praktika Azərbaycanda tətbiq edilməlidir:

“Əfsuslar olsun ki, bəzi hallarda biz müəyyən səbəblərə görə bu praktikanı tətbiq edə bilməmişik. Vaxt gəlib çatıb ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi tam tətbiq edilsin. 2008-2009-cu illərin dünya iqtisadi böhranı zamanı inkişaf etmiş ölkələr tərəfindən atılmış addımlar təhlil edilir və biz də daxili iqtisadi vəziyyəti nəzərə alaraq düşünülmüş addımlar atmalıyıq. Əlbəttə, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalır, valyuta bazarının tənzimlənməsi bu istiqamətdə önəmli tədbirlərdən biridir”.

Dövlət başçısı bildirib ki, geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilib:

“Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək”.

Prezident bildirib ki, burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir:

“Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artıb. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər. Neftin qiymətinin kəskin düşməsindən və qonşu ölkələrdə milli valyutaların devalvasiyasından sonra, əlbəttə ki, biz də manatı əvvəlki səviyyədə saxlaya bilmədik. Baxmayaraq ki, buna çox çalışırdıq. Deyə bilərəm ki, qonşu valyutalar arasında Azərbaycan manatı ən çox müqavimət göstərən valyuta idi. Ancaq devalvasiya qaçılmaz idi və bunun səbəbinin Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, xaricdə formalaşan səbəblərdir.

İndiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb. Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində - 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olubdur. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq”.

Dövlət başçısı bildirib ki, əfsuslar olsun ki, Azərbaycanda dollarizasiya prosesi gedir:

“Bunun heç bir iqtisadi əsası yoxdur. Bəzi ölkələrin devalvasiyaya uğrayan valyuta bazarına nəzər salsaq görərik ki, orada dollarizasiya getmir. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranmışdır. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi. Məsəl üçün, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəli misal kimi gətirilə bilər. O vaxt Azərbaycanda manatla bağlı heç bir problem yox idi. Qonşu ölkələrdə milli valyutalar dəyərdən düşürdü. Əfsuslar olsun ki, bizdə bəzi qurumlar və insanlar bu vəziyyəti Azərbaycan reallıqlarına da keçirməyə cəhd etmişdilər. Ondan sonra - keçən ilin yay aylarında valyuta bazarında müsbət meyillər müşahidə olunmağa başlamışdır. Bu da təbii idi. Çünki görülən tədbirlər bunu diktə edirdi. Ancaq yenə də bəzi qonşu ölkələrdə milli valyutalar kəskin şəkildə aşağı düşdü və dərhal Azərbaycanda ajiotaj yarandı. Ona görə indiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaratmışdır”.

İlham Əliyev deyib ki, dollara qarşı bütün valyutaların ucuzlaşması prosesi gedir: “Hətta avro da öz dəyərini saxlaya bilmədi, təxminən 30 faiz ucuzlaşdı. Ona görə manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Əlbəttə, burada islahatlar dərinləşəcək, əlavə addımlar atılacaq. Amma vətəndaşlar da bununla bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. Bu halda əminəm ki, manata inam bərpa olunandan sonra biz bu vəziyyətdən ən az itkilərlə çıxa biləcəyik”.

Dövlət başçısı vurğulayıb ki, bank sektorunun tənzimlənməsi məsələləri də öz həllini tapacaq:

“Təkliflərə baxılır. Problemli bankların sağlamlaşdırılması prosesi getməlidir, bank konsolidasiyası aparılmalıdır və əmanətlərin sığortalanması məsələsi də öz həllini tapmalıdır. Bir neçə il bundan əvvəl Azərbaycan bu praktikanı tətbiq etməyə başlamışdır və indi də əmanətlərin sığortalanması işində əlavə tədbirlər görüləcək. Əminəm ki, görüləcək tədbirlər həm bank sektoruna, eyni zamanda, milli valyutamıza olan inamı böyük dərəcədə artıracaq. Əminəm ki, bu addımlar çox müsbət nəticə verəcəkdir”.


Müəllif: