19 Yanvar 2016 12:58
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Bayramov: “Bir neçə sektorda vahid qurumun yaradılmasının tərəfdarıyıq”

Xəbər verildiyimiz kimi, dünən Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. Dövlət başçısı keçirilən bütün müşavirələrdə olduğu kimi, dünənki müşavirdə də bir sıra vacib mesajlar verib.

Prezident qeyd edib ki, son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olub. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları bunu təsdiq edir. Dövlət başçısı 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacağını vurğulayıb. Bildirib ki, 2015-ci ildən başlayaraq dünyada neftin qiyməti 4 dəfə aşağı düşüb, bu da neft hasil edən ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərin azalmasına səbəb olub. Bununla belə, Prezident qeyd edib ki, Azərbaycanda yaranmış vəziyyətdən çıxmaq üçün zəruri addımlar atılır. Digər neft ölkələri ilə müqayisədə Azərbaycan ən az itki ilə üzləşib.
Prezidentin toxunduğu digər vacib məsələ struktur islahatlarının aparılması ilə bağlı olub. Dövlət başçısı qeyd edib ki, struktur islahatları ilə bağlı artıq müəyyən addımlar atılıb. Dövlət başçısı bildirib ki, bu tədbirlər daimi olmalı, bir-birini təkrarlayan və lazımsız dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.
Dövlət başçısı valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin də verildiyini və təkliflərin hazırlandığını vurğulayıb. Bildirib ki, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi əhəmiyyətlidir.

Prezident manata etimadın bərpası ilə bağlı ciddi tədbirlərin görülməsini vacibliyini vurğulayıb. Qeyd edib ki, problemli bankların sağlamlaşdırılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması və digər bu kimi tədbirlər milli valyutaya olan inamı artıracaq.

Parlament mühüm qərarlar verəcək

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar xüsusi iclası keçirilir. İclasın gündəliyinə 7 məsələ daxildir. Parlamentdən verilən məlumata görə, bunlar Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında”, “Satınalmalar haqqında” və “Gömrük tarifi haqqında” qanuna dəyişikliklər layihəsidir.

“Manatın devalvasiyasından doğan gərginlik aradan qaldırılacaq”

Müşavirədə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlərə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, dövlət başçısının yanvar ayında iki dəfə geniş müşavirə keçirməsi, nazirləri toplaması, hökumətə tapşırıqlar verməsi, devalvasiyadan sonrakı psixoloji gərginliyin aradan qaldırılması, daxili iqtisadiyyatı yüksəltməkdən ötrü verdiyi fərman və sərəncamlar, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin, əmək haqlarının artırılması istiqamətində atdığı addımlar, un və un məmulatlarına olan əlavə dəyər verginin aradan qaldırılması Azərbaycanda bütün proseslərin Prezidentin çox ciddi şəkildə nəzarəti altında olmasından xəbər verir: “Manatın devalvasiyası Azərbaycan iqtisadiyyatına heç bir zərər vurmayacaq və Azərbaycan əhalisinin sosial müdafiəsi tam təmin olunacaq. Sabah (Bu gün-S.Həmid) Milli Məclisin növbədənkənar xüsusi iclasında da yəqin ki, həm iqtisadiyyatın sağlamlaşdırılması, həm əhalinin sosial müdafiəsi ilə bağlı cənab Prezident tərəfindən göndərilən məsələlərə baxılacaq, müzakirə olunacaq və yəqin ki, qısa müddət ərzində manatın devalvasiyasından doğan gərginliklərin hamısı aradan qaldırılacaq”.

“Struktur islahatları olduqca vacibdir”

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, struktur islahatlarının aparılması həm mövcud büdcə vəsaitlərinə qənaət edilməsinə, eyni zamanda idarəetmədə çevikliyin artırılmasına xidmət etməlidir. Onun sözlərinə görə, strukturların sayının çox olması birmənalı şəkildə büdcədən bu istiqamətdə vəsaitlərin artmasına gətirib çıxarır, digər tərəfdən isə, bu, çevik qərar verilməsi prosesini yubadır: “Çünki, bir-birini təkrarlayan qurumların sayı çox olduqca, təbii ki, həmin qurumların fəaliyyəti bir-birinə mane olur. Posedurların sayının çox olması qərarvermədə bürokratiyanın yaranmasına gətirib çıxarır. Bu baxımdan eyni sektorda fəaliyyət göstərən qurumların birləşdirilməsi, bir-birini təkrarlayan qurumların ləğv edilməsi olduqca vacibdir. Biz əslində müxtəlif sektorlarda, o cümlədən vergi, enerji, su sektorunda vahid qurumun yaradılmasının tərəfdarıyıq. Vahid qurumun yaradılması bizə imkan verəcək ki, çevik idarəetmə tətbiq olunsun, büdcə vəsaitlərindən qənaətlə istifadə etmək mümkün olsun. Bu baxımdan indiki islahatlar fonunda struktur islahatları olduqca vacibdir. Struktur islahatları birmənalı şəkildə Azərbaycanın indiki iqtisadi inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə imkan verəcək. Eyni zamanda qeyri-neft sektorunun inkişafı üçün mövcud baryerlərin aradan qaldırılmasına imkan verəcək”.

Səxavət HƏMİD


Müəllif: