5 Fevral 2016 21:54
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı tərəfindən pambıqçılığın inkişaf etdirilməsi istiqamətində verilmiş tapşırıqlara uyğun olaraq, İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri Heydər Əsədov pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşüblər.

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin pambıqçılığın inkişafı, suvarma sisteminin təkmilləşdirilməsi, aqrolizinq xidmətlərinin genişləndirilməsi, pambıqçılıq sahəsinə daha çox güzəştli kreditlərin ayrılması, toxum və dərman preparatlarının alınmasına subsidiyaların verilməsi barədə təklifləri müzakirə edilib.

Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri pambıqçılığı təşviq etmək üçün yüksək məhsula görə digər stimillaşdırma tədbirləri ilə yanaşı, daşıma xərclərinin qarşılanacağını və istehsal xərclərinin 90%-nin emalçılar tərəfindən avans olaraq veriləcəyini vurğulayıblar. Bütün bunların həyata keçirilməsi üçün güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə olunacaq.
Qeyd edək ki, 2016-cı ildə ötən illə müqayisədə 80% çox (30 min hektar) sahədə pambıq əkilməsi planlaşdırılır. Bu 2 dəfə çox - 70 min ton xam pambıq tədarükünə, eləcə də fermerlərdən pambığın alış qiymətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq. Bütün bunlar isə bu sahədə məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldəcək, pambıqçılıq sahəsində çalışanların sayı ötən illə müqayisədə 2 dəfəyə yaxın artacaq.

Görüşdə pambıq istehsalı və emalı müəssisələrinin nümayəndələri satınalma qiymətinin 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırılmaqla birinci növ pambığın bir tonunun 500 manata (2015-ci ildə 410 manat), ikinci növünün bir tonunun 470 manata (2015-ci ildə 390 manat), üçüncü növünün bir tonunun 440 manata (2015-ci ildə 370 manat), dördüncü növünün bir tonunun isə 400 manata (2015-ci ildə 350 manat) qəbul ediləcəyini bildiriblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər