İqtisadiyyat Nazirliyində nazir Şahin Mustafayevin sədrliyi ilə kollegiya iclası keçirilib.
Teleqraf.com-un məlumatına görə, iclasda dövlət başçısı tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarların özəl bölmənin inkişafında mühüm əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lsenziyalar müddətsiz müəyyən olunub, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2 dəfə azaldılıb. Eyni zamanda, həmin fəaliyyət növü regionlarda həyata keçirildiyi hallarda dövlət rüsumu 4 dəfə az ödəniləcək. Artıq lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.
İclasda qeyri-neft məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması və ixracının genişləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Bildirlib ki, görülən işlər nəticəsində ötən il Azərbaycandan xarici ölkələrə 2477 adda məhsul ixrac edilib. Bu isə əvvəlki illə müqayisədə 15,2 faiz çoxdur.
Şahin Mustafayev dövlət başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə İqtisadiyyat Nazirliyi qarşısında bir sıra vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ixracın stimullaşdırılması məqsədilə hazırda İqtisadiyyat Nazirliyində ixrac prosedurunun sadələşdirilməsi, beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. Qeyd edək ki, indiyədək ixrac malları üçün mənşə sertifikatı 3 gün ərzində verilirdi.
Naibə QURBANOVA