16 Fevral 2016 11:07
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Məqsəd inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaqdır”

Azərbaycan Mərkəzi Bankı milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün uçot dərəcəsini 5 faiz, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2 faiz, yuxarı həddini isə 10 faiz səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

Qərarda bildirilir ki, valyuta bazarında vəziyyətin stabilləşməsi, banklar tərəfindən milli valyuta ilə depozitlərə görə daha cəlbedici faizlərin təklif olunması, eləcə də dövlət tərəfindən milli valyutada olan istiqrazların xarici valyutada istiqrazlarla müqayisədə daha yüksək gəlirliklə yerləşdirilməsi milli valyutanın yığım vasitəsi kimi daha geniş istifadəsinə müsbət təsir göstərməkdədir. Sözügedən qərar da başlıca makroiqtisadi göstəricilərin proqnozuna və orta müddətli dövrdə dayanıqlı qiymət sabitliyinə nail olunması məqsədinə əsaslanmaqla qəbul edilib.

Qərara münasibət bildirən ekspert Samir Əliyev bildirib ki, milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq mərkəzi banklar uçot dərəcəsini qaldırır: “Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3 faizdən 5 faizə qaldırması gözlənilən idi. Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib. Çünki AMB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. AMB-nin bu addımında məqsəd inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaqdır.

Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvəni artırmaq siyasətinin tərkib hissəsi də adlandırmaq olar".

Qərara münasibət bildirən iqtisadçı Vüqar Bayramov bununla Mərkəzi Bankın öz uçot stavkasını mövcud infilyasiya səviyyəsinə uyğunlaşdırmağa çalışdığını deyib: “Mərkəzi Bank sözügedən addımın manatla yığımlara marağı artırmaq məqsədi daşıdığını bildirsə də, bu milli valyuata ilə yığımlarda ciddi fərq yaratmayacaq. Əvvəlla, Mərkəzi Bankın uçot stavkası simvolik xarakter daşıyır və o kredit bazarına, demək olar, təsir göstərmir. Elə bu səbəbdən də 2011-ci ildən dünənədək azalan uçot stvakası kredit faizlərinin aşağı düşməsinə gətirib çıxarmamışdı.

İkincisi, uçot stavkası əvvəllər 3 faiz olduğu halda banklar istehlak kreditlərini 24-29 faizlə təklif edirdilər. Bu isə o demək idi, uçot stavkası ilə kredit faizləri arasında nə çox-nə az, 10 dəfəyə yaxın fərq var idi. İndi bu fərq 6 dəfə olub. Ciddi heç nə dəyişməyib. Təssəvvür edin: uçot stavkası 5 faizdir, kreditlər isə 29 faizlə verilir. Bu, heç bir iqtisadi qanunlar ilə izah edilə bilən fərq deyil.

Aydındır ki, belə kəskin fərqin olduğu kredit bazarına uçot stavkasının təsirləri nəinki marginaldır, ümumiyyətlə yoxdur. Üçüncüsü, baş bankın bu addımdan öncə də milli valyuta üzrə yığımlara daha çox faiz ödənilsə də bu, manatla yığımlara marağın artmasına səbəb olmayıb. Əksinə, manatla depozitlərin ümumi depozit portfelində payı təxminən 50 faizdən 15 faizədək azalıb. Bu isə dollarlaşma səviyyəsinin necə yüksək olduğunu göstərir.

Dördüncüsü, kommersiya bankları əldə etdikləri vəsaitin təxminən 4/5-ni Mərkəzi Bankdan kənar mənbələrədən cəlb edirsə, o zaman uçot stavkasının dəyişidirlməsi nəyə təsir göstərə bilər ki?"

Ekspert bildirib ki, bütövlükdə, pul bazasını inzibati şəkildə son bir ildə 12 milyard manatdan 5.8 milyard manatadək azaldan Mərkəzi Bankın uçot stavkasının artırmasının kredit bazarına və yığımlara, demək olar, heç bir ciddi təsiri olmayacaq.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər