2 Mart 2016 21:00
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokstayn, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, həmçinin layihənin iştirakçısı olan ölkələrin – Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya və Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Transanadolu Boru Kəməri (TANAP) və Transadriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri iştirak ediblər.

İclasın sonunda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb. Birgə Bəyannaməni “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin nazirləri və xüsusi nümayəndələri imzalayıblar.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” təkcə region ölkələri üçün yox, eyni zamanda Avropa ölkələri üçün çox mühüm və strateji layihədir. Layihənin Məşvərət Şurasının hər iki toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür. “Cənub Qaz Dəhlizi”nin ərsəyə gəlməsində regionda qlobal xarakterli bütün layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi həlledici olub. Bu təşəbbüs Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş arealda inkişafı üçün etibarlı zəmin hazırlayıb. Həyata keçirilən bu layihə Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə şərait yaradıb.

Məşrəvət Şurasının ikinci iclasında bir sıra dövlətlərin əlaqədar qurumlarının rəhbər şəxslərinin və Avropa İttifaqının müvafiq təşkilatlarının yüksək səviyyəli rəsmi nümayəndələrinin iştirak etməsi “Cənub Qaz Dəhlizi” layihəsinin beynəlxalq və transmilli məzmunundan xəbər verir. Eyni zamanda Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycanla Avropa İttifaqı arasında getdikcə güclənən əlaqələr, qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir, sülh və əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir.

İştirakçıların mesajları

Məşvərət Şurasının iclasında çıxış edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bildirib ki, Avropa İttifaqı “Cənub Qaz Dəhlizi”ni Avropanın öz enerji ehtiyatlarını necə şaxələndirilməsinin bariz nümunəsi kimi görür: “Söhbət yeni ünvandan gələn yeni təchizatçısı, yeni marşrut, yeni qazdan gedir. Bu, Avropanın enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirir və bu da Avropa İttifaqına üzv ölkələr üçün çox vacibdir”. Avrokomissiyanın vitse-prezidenti Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətini qeyd edərək deyib: “Mən vurğulamaq istərdim ki, bizim üçün Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxışına nail olunması uzun illər müzakirə mövzusu olub. Lakin biz heç vaxt buna indiki qədər yaxın olmamışıq. Müqavilə üzrə Azərbaycan, Gürcüstan və Türkiyədə davam edən tikinti işlərinə 10 milyard dollar vəsaitin ayrılması faktı əlamətdar bir hadisədir”.
Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin təbii ehtiyatlarını bir çox ölkələrə çatdırılmasına mühüm töhfələr verəcək.

“Cənub Qaz Dəhlizi” Məşrəvət Şurasının ikinci iclasının Birgə Bəyannaməsində isə keçən dövr ərzində layihənin icrası istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Əldə olunmuş nəticələrin layihənin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilib. Bəyannamənin ümumi məzmunundan belə aydın olur ki, Avropa İttifaqı Azərbaycanın enerji mənbələrini şaxələndirmək təşəbbüsünü daha da genişləndirmək, “Cənub Qaz Dəhlizi”nə yeni tədarükçülər cəlb etmək niyyətindədir.

Onu da qeyd etməliyik ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasında Avropa İttifaqının iki yüksək səviyyəli nümayəndəsinin – Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı Azərbaycanla əlaqələrə diqqətin təzahürü kimi qiymətləndirilə bilər. Avropa qurumları Azərbaycanın apardığı enerji təhlükəsizliyi siyasətini hər zaman dəstəkləyiblər.

İclasda çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib. O, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

“Azərbaycana 100 milyard dollardan artıq vəsait cəlb olunacaq”

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısına, həmçinin bu layihənin reallaşmasının Azərbaycana verəcəyi töhfələrin nədən ibarət olacağına dair fikirlərini bizimlə bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov sözügedən layihənin Azərbaycan üçün əhəmiyyətli layihələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu layihə vasitəsilə Azərbaycanın mavi qazı Avropa bazarına çıxarılacaq ki, bu da dövlət gəlirlərinin artırılmasına zəmin yaradacaq: “Belə ki, “Cənub Qaz Dəhlizi” istifadəyə veriləcəyi zaman Azərbaycana 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaranacaq. Bundan başqa layihə Azərbaycana daha dayanıqlı bazara çıxışı imkanları verəcək. Nəzərə almaq lazımdır ki, Avropa bazarı 450 milyondan artıq istehlakçısı olan dünyada ən böyük bazarlardan biridir. Avropaya nəql edilən mavi qazın həcmi artırılacaq ki, bu da Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacibdir. Çünki Avropanın təhlükəsizliyinin əsas elementlərindən biri məhz enerji təhlükəsizliyinin təmin edilməsidir. Avropa Azərbaycandan mavi qaz almaqda maraqlıdır ona görə ki, Avropa üçün diversifikasiya mühüm amildir”.

V.Bayramov qeyd edib ki, Avropa TAP layihəsi vasitəsilə birinci mərhələdə illik olaraq 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz alacaq: “Digər istiqamət isə Türkiyənin sözügedən qaz dəhlizindən faydalanmasıdır. Bununla da Türkiyə mavi qazdan asılılığını aradan qaldıra biləcək. Bir sözlə, bu layihə Azərbaycanla yanaşı qitə ölkələri üçün çox əhəmiyyətli bir layihədir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısının Azərbaycanda keçirilməsi bir daha ölkəmizin siyasi iradəsindən xəbər verdi”.

“Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə imkan yaranacaq”

V.Bayramov qeyd edib ki, Azərbaycan “Cənub Qaz Dəhlizi”ndə TANAP və TAP layihələri vasitəsilə iştirak edir. Onun sözlərinə görə, bu layihələr vasitəsilə Azərbaycan Türkiyənin, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə ciddi töhfə vermək imkanlarına malik olacaq: “Azərbaycan TANAP kəməri vasitəsilə Türkiyə bazarına birinci mərhələdə 6,6 milyard kubmetr, Avropa bazarına isə 10 milyard kubmetr qaz çıxaracaq. Növbəti mərhələdə isə Avropa bazarına çıxarılan mavi qazın həcmi illik olaraq 20 milyard kubmetrə və hətta sonradan 30 milyard kubmetrə qədər yüksələcək. Bu, birmənalı şəkildə ondan xəbər verir ki, Azərbaycan yaxın illərdə Avropanın mavi qaza olan ehtiyacının ödənilməsində əhəmiyyətli ölkəyə çevriləcək. “Cənub Qaz Dəhlizi”nin reallaşması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və enerji asılılığının aradan qaldırılmasına imkan yaradacaq. Bu mənada “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinin təmin olunması və enerji asılılığının aradan qaldırılması baxımından kifayət qədər əhəmiyyətli bir layihədir”.

“Cənub Qaz Dəhlizi” nəinki Azərbaycan, dünya üçün də çox əhəmiyyətlidir”

Milli Məclisin deputatı Tahir Rzayev isə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasının nəinki Azərbaycan üçün, eyni zamanda Avropa ölkələri, dünya üçün çox əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, bu kəmərin çəkilməsi Avropa ölkələrinin qazla təmin olunmasında çox mühüm rol oynayacaq: “Bu, eyni zamanda Azərbaycanın dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi üçün əhəmiyyətli bir layihədir”.
Deputat qeyd edib ki, “Cənub Qaz Dəhlizi” Məşrəvət Şurasının hər iki toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun olmasını bir daha təsdiq edir: “Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz qazanıb”.
T.Rzayev əlavə edib ki, bu layihə Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı, ölkə iqtisadiyyatına böyük faydalar gətirəcək: “Bu, eyni zamanda, Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən layihədir. Azərbaycan xalqı uzun perspektivdə bu layihədən bəhrələnəcək”.

Deputat vurğulayıb ki, bu layihə eyni zamanda, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir: “Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qaz kəmərlərinin etibarlı mühafizə olunması üçün beynəlxalq aləm regionda sülhün və sabitliyin gücəndirilməsində daha maraqlı olacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər