9 Mart 2016 20:45
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir; həmin maddədə “qurum” dedikdə, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.

Dəyişikliklərə əsasən, qanunun 1.1.11-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“1.1.11. investisiya fondunun depozitarı (bundan sonra - depozitar) – investisiya fondunun depozitarı fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan şəxsdir;”;

1.1.14-cü maddə aşağıdakı redaksiyada verilir:

“1.1.14. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;”;

Bundan başqa, 5.9-cu maddə aşağıdakı redaksiyada verilir:

“5.9. Səhmdar investisiya fondunun səhm mülkiyyətçilərinin reyestri mərkəzi depozitar tərəfindən aparılır.”;

Həmçinin 7.5-ci maddə aşağıdakı redaksiyada verilir:

“7.5. Səhmdar investisiya fondunun səhmləri ilə əqdlər investisiya şirkətləri vasitəsilə bağlanılır.”;

Qanunun 51-ci maddəsi isə aşağıdakı redaksiyada verilir:

“Maddə 51. Maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqlar

İnvestisiya fondları və onların idarəçiləri maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyir.”.

Bu qanun qüvvəyə mindiyi tarixədək səhmdar investisiya fondu və aktivlərin (investisiya fondunun) idarə edilməsi üzrə fəaliyyətlərə verilmiş lisenziyalar, habelə həmin fəaliyyətlərdən irəli gələrək verilmiş icazələr qanunla müəyyən edilmiş hallarda ləğv edilənədək öz qüvvəsini saxlayır və onların yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək investisiya fondu və investisiya fondunun idarə edilməsi üzrə fəaliyyətlərin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılır.


Müəllif: