10 Mart 2016 16:15
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan nefti bahalaşıb. Ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,22 dollar və ya 0,54 faiz artaraq 40,57 dollara çatıb. Son günlər dünya birjalarında neftin qiymətinin sıçrayışla bahalaşması gəlirləri bilavasitə "qara qızıl" ixracından asılı olan ölkələr üçün sevindirici faktdır. Çünki bazarda izafi məhsulun olduğu, İranın iri addımlarla bazara girdiyi, qlobal iqtisadiyyatda olduqca zəif ab-hava və durğunluğun hökm sürdüyü durumda bu, sözün əsl mənasında möcüzədir.

Odur ki, indi də "bahalaşma nə qədər davam edə bilər",-deyə əks suallar yaranıb. Belə ki, martın ilk həftəsi ərzində "Brent" markalı neftin birdən-birə 2015-ci ilin dekabrından sonra ən yüksək həddə çatması böyük ümid qığılcımları yaradıb.

Neftin qiymətindəki dəyişikliklə bağlı açıqlama verən iqtisadçı Pərviz Heydərov deyir ki, ucuzlaşmanın da, bahalaşmanın da bir həddi var, amma ilk növbədə bahalaşmanın səbəblərini araşdırmaq lazımdır: "Bu səbəblər sırasına isə əsas etibarilə 3 amil daxildir. Birincisi, 2014-cü ilin iyun ayından bəri davam edən ucuzlaşma prosesi ərzində bir dəfə də olsun müşahidə edilməmişdi ki, hasilatçı ölkələr arasında tendensiyanı saxlamaq üçün müəyyən konsensus bir yana qalsın, adi fikir mübadiləsi və yaxud müzakirələr aparılsın. Ancaq ilk dəfə bu il fevralın ortasında iri neft hasilatçıları olan Rusiya, Səudiyyə Ərəbistanı və bir sıra OPEK ölkələri arasında "hasilatı dondurmaq" haqda söhbət və hətta razılaşma əldə olunduğu barədə məlumatlar ortaya çıxmağa başladı. Diqqət yetirin, özü də Rusiya və Səudiyyə Ərəbistanı arasında.

Əvvəla, bu vaxta qədər Səudiyyə Ərəbistanı sözügedən məsələ ilə bağlı həmişə Vaşinqtonla məsləhətləşib, bu məsələdə ABŞ-ın mövqeyini müdafiə edib və onun diktəsiylə durub-oturub. İkincisi, real olaraq Suriya münaqişəsində bu iki ölkə, yəni Moskva ilə Ər-Riyad faktik olaraq üz-üzədirlər. Bu, onu göstərir ki, neftin qiymətinin "döşəmə həddi" artıq çoxdan itib və ABŞ-ın dünya neft bazarında hegemonluğunun qarşısını almaq üçün qruplaşmaq lazımdır".

Ekspert deyir ki, hazırkı bahalaşmaya zəmin yaradan ikinci amil ABŞ-da şirkətlərin investisiya imkanlarının hədsiz daralması ilə əlaqədar qazma qurğularının sayının kəskin azalmasıdır ki, bunun da təqribən 400-ə çatdığı deyilir: "İri neft şirkətlərinin isə qiymətin ucuz olması səbəbindən hələ keçən ilin əvvəllərindən itki verməyə başladıqları məlum məsələdir. Yəni, bu gün heç bir neft hasilatı ilə məşğul olan şirkət deyə bilməz ki, zərərlə işləmir.

Üçüncü amilə nəzər salaq. Bu arada belə məlumat da yayılıb ki, Rusiya qlobal neft hasilatının 3/4-nü əhatə edən yeni neft karteli yaratmağa hazırlaşır. Belə ki, ABŞ-ın məşhur "Business İnsider" xəbər portalı yazıb ki, Rusiya neft hasilatçısı olan ölkələr arasında hasilatı dondurmaq haqda qərardan sonra nüfuzunu artırıb və təsadüfi deyil ki, ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanını da öz tərəfinə çəkib.

Çünki Səudiyyə Ərəbistanının ABŞ-la münasibətləri İrana görə pisləşib. İranla İraq arasında da müvafiq razılıq əldə olunsa, ROPEC adında Rusiya yeni kartel yaradılmasına nail olmaqla dünyanın əsas neft hasilatçısı ölkələrinin de-fakto liderinə çevriləcək və dünya üzrə neft hasilatının 70 faizdən çox hissəsinə nəzarəti ələ alacaq.

Təbii ki, bu, hələ ehtimaldır. Lakin xəbər bazara psixoloji təsirini göstərməlidir və göstərir. Ümumiyyətlə, bütün fərziyyə və ehtimalları qoyuruq bir kənara. Neftin son qiymət sıçrayışı bir daha təsdiq edir ki, "qara qızılın" tarifini bazar şərtləri müəyyən etmir".

Neftin qiyməti haqda söylənilən müxtəlif mülahizələrə və proqnozlara gəlincə, Pərviz Heydərov bunun təbii olduğunu deyir: "Bəziləri neftin 1 barrelinin qiymətinin 10 dollara qədər enəcəyi haqda fikirlər də irəli sürürdülər və bu zaman 80-ci illərdə qiymətin 10 dollara qədər düşdüyünə istinad edilirdi. Düzdür, belə hallar olub. Lakin dolların həmin illərdəki alıcılıq qabiliyyəti ilə indiki arasında fərq var. Ona görə də, qiymət bu ilin əvvəlində 30 dollardan aşağı düşəndə də yazdıq ki, neftin nominal ifadədə nəinki 20 dollardan aşağıya, 20 dolların özünə düşəcəyi ehtimalına belə, inanmırıq.

Əslində, neftin qiymətinin "döşəmə həddi" qlobal iqtisadiyyatın bugünkü tələbləri baxımından 40 dollar təşkil edir. Xatırladaq ki, keçən il bütün təzyiqlərə baxmayaraq, uzun müddət həmin həddi keçə bilmirdi. Amma ilin sonunda artıq bu, baş verdi. Bir tərəfdən FES tərəfindən baza faiz dərəcəsinin artırılması ilə əlaqədar qərar verildi, digər tərəfdən 1975-ci ildən ABŞ-ın xam neftinin ixracına qoyulmuş embarqonun ləğvini nəzərdə tutan qanun lahiyəsi qəbul edildi. Həqiqət budur".

Bütün bunlara rəğmən iqtisadçı proqnoz verir ki, cari ildə neftin qiyməti orta hesabla hardasa 45-48 dollar arasında olacaq: "Ola bilsin, müəyyən dövrlərdə qiymət 30 dollara qədər ensin. Lakin bötüvlükdə 2016-ci il ərzində neftin qiymtənin 40 dollardan yuxarı, hətta 45-48 dollar arasında olacağı gözlənilir. Bundan aşağı mümkün deyil - axı, neftin də investisiya xərcləri var".

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər