Ölkə əhalisinin 40 faizindən çoxu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kontingentinə daxildir. Bu, o deməkdir ki, hər bir Azərbaycan ailəsi dövlətin sosial müdafiəsini öz üzərində hiss edir. Xüsusilə də, neftin qiymətinin düşdüyü, iş yerlərinin sayının və əhalinin gəlirlərinin həcminin azaldığı dönəmdə vətəndaşların sosial müdafiəyə olan ehtiyacları artır. Açıqlanan son məlumata görə, DSMF-in mərkəzi məlumat bazasında 1 milyon 299 min nəfər pensiyaçı var. Deməli, yüz minlərlə ailə pensiyalardan bu və ya digər formada yararlanır.
Kürdəmir rayon sakini Kamal Əhmədov deyir ki, yoldaşı ilə birlikdə 300 manatdan çox pensiya alırlar: “Oğlum işləmir. Onun ailəsini də biz saxlayırıq. Xəstələnməsək və toylar olmasa aldığımız pensiya ilə birtəhər dolanarıq. Bu günümüzə min şükür. Amma pensiyamızı bir qədər də artırsalar gərginlik keçirmərik”.
Həmsöhbətimiz bildirir ki, pensiya almasaydılar dəva-dərmansız qalar, tibbi xidmətə, tərəvəz və ərzaq məhsullarına pul tapa bilməzdilər: “Pensiyadan qənaətlə istifadə edirik və ailəmizi dolandıra bilirik. Bu ilin əvvəlindən prezident sərəncamı ilə pensiyamız bir qədər də artıb. Bu da bizi sevindirdi”.
Qeyd edək ki, Prezident İlham Əliyevin əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncamına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.
Elman Mehdiyev: "Əsas məqsəd pensiyaçıların sosial müdafiəsini gücləndirməkdir"
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə hər il yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılır, pensiyanın sığorta hissəsi isə inflyasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilir: “Fondun daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2934,2 mln. manat təşkil edib ki, bunun da 2872,0 mln. manatı və yaxud 97,9 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 mln. manat təşkil edib.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib.
Fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib və nəticədə pensiya ödənişi aparılan bütün pensiyaçıların pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. Fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin əvvəlinə nisbətən 204 min nəfər artaraq 3 milyon 180 min nəfərdən çox təşkil edib ki, bu da sosial sığorta sistemində təbliğat işlərinin gücləndirilməsi və iştirakçıların aktivliyinin artırılmasının göstəricisidir.
Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilib. 2015-ci il ərzində daha 5 elektron xidmət aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib və bununla da sığortaedən və sığortaolunanların uçotu sahəsində xidmətlərin tam elektronlaşması təmin edilib. Elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi məqsədilə Fond tərəfindən regional təqdimatlar keçirilib. Eyni zamanda kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Fondun yerli orqanlarında yardım masalarının fəaliyyəti davam etdirilib”.
Əli Məsimli: "Azərbaycan əhalisinin pensiya təminatı yüksək səviyyədə qurulub"
Milli Məclisin iqtisadi-siyasət komissiyasının üzvü Əli Məsimli hesab edir ki, MDB məkanında adambaşına düşən orta aylıq pensiyanın həcminə görə Azərbaycan öndə gedən ölkələrdən biridir: “Bu gün Azərbaycan əhalisinin sosial müdafiəsi, pensiya təminatı yüksək səviyyədə qurulub. Neftin qiyməti aşağı düşəndə, büdcə gəlirləri azalanda bəziləri belə fikir səsləndirirdilər ki, hökumət pensiyaları verə bilməyəcək. Amma göründüyü kimi, deyilənlər özünü doğrultmadı. Əksinə pensiyalar artırıldı. Çünki Azərbaycanın büdcəsi elə qurulub ki,neftin qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, hökumət pensiya və digər ödənişlər üzrə götürdüyü bütün öhdəlikləri yerinə yetirə bilir. Təkcə Neft Fondundan büdcəyə transferlər hesabına pensiya və digər ödənişləri vermək mümkündür. Burada əsas problem pensiyaların infilyasiyanın yeminə çevrilməsidir. Pensiyaçıların əsas narazılığı süni qiymət artımı, işbazların qeyri-qanunu əməllərilə bağlıdır. Bu kimi məsələlər də həll olunsa, pensiyaçılar sosial baxımdan daha güclü müdafiə olunarlar”.
Qeyd edək ki, Azərbaycanda pensiya-sığorta sisteminin inkişafı istiqamətində son illər xeyli işlər görülüb. Ölkə prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən «2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində «Əmək pensiyaları haqqında» qanuna mühüm dəyişikliklər edilib. Bu dəyişikliklərə uyğun olaraq 1 iyul 2011-ci ildən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb. Bununla da ölkəmizdə vahid prinsip əsasında fəaliyyət göstərən və bütün işləyən əhalini əhatə edən sığorta-pensiya sisteminin formalaşdırılması nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub.
Bildirək ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2016-cı il üçün qəbul etdiyi dürüstləşdirilmiş büdcə layihəsi də mühüm rol oynayacaq. Çünki həmin layihənin qəbulu ölkəmizin sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılmasına əlavə imkan yaradacaq. Dürüstləşdirilmiş büdcə layihəsində DSMF-nin gəlir və xərcləri 3307,4 milyon manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur”.
Xarici təcrübə və təkliflər
Azərbaycanda pensiya və sosial sığorta sistemi beynəlxalq təcrübəyə və standartlara uyğun olsa da, zaman-zaman yeni təkliflər irəli sürülüb və bəzi inkişaf etmiş ölkələrin təcrübələri nümunə kimi önə çəkilib. Məsələn, «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»nda özəl pensiya fondları ilə bağlı məqamlar nəzərdə tutulsa da, bu günə qədər məsələ öz həllini tapmayıb. Ekspertlər bildirirlər ki, özəl pensiya fondlarının fəaliyyəti azad bazar iqtisadiyyatının əsas özəlliklərindən biridir. Bu, inkişaf etmiş ölkələrdə kifayət qədər tətbiq olunan üsuldur. Öz arzusundan asılı olaraq, kim istəyirsə, özəl pensiya fonduna qatılır. Bunun risk tərəfləri də, müsbət tərəfləri də var. Özəl pensiya fondunun müsbət cəhəti odur ki, daha səmərəli fəaliyyətə yol açılır. Azərbaycanda pensiyanın məbləği aşağıdırsa, istəyir özəl, istəyir dövlət, maaşlar yüksək olmalıdır ki, yığım da artsın. O halda pensiyaçı yüksək səviyyədə təqaüd ala bilər. Maaş yüksək olanda vətəndaş istədiyi qədər ödənişlər verir və pensiya aldıqdan sonra arzuladığı həyatı yaşaya bilir. Avropanın bir sıra ölkələrində özəl pensiya fonları fəaliyyət göstərirlər.
İqtisadçı alim Əli Əlirzayev qeyd edir ki, Azərbaycanda üç pilləli pensiya təminatı sistemi qurulur: “Birincisi, həmrəylik prinsipinə, nominal yığıma əsaslanan və bu gün qüvvədə olan sistemə əsaslanan sistemdir. İkinci sistem real yığıma əsaslanır, üçüncüsü isə özəl pensiya fondlarıdır. Bir ara DSMF-da hesab edirdilər ki, I və II sistemin normal fəaliyyət göstərməsi üçün sosial sığorta haqları 35%-ə çatdırılmalıdır. Artırılan 10%-in böyük hissəsinin işçilərin hesabına ödənilməsi məqsədəuyğun sayılırdı. Məsələn, Almaniyada sosial sığorta haqlarının yarısını işəgötürən təşkilat, yarısını işçi ödəyir. Doğrudur, hazırkı Azərbaycan reallığında sosial sığorta haqlarını bu həddə çatdırmaq mümkün deyil. Amma "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda sosial sığorta haqlarının tədricən artırılması nəzərdə tutulub”.
Ekspert hesab edir ki, sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiq edilməsi təkcə təqaüdçülərin və DSMF-nin işini asanlaşdırmayıb: “Bu, beynəlxalq təşkilatların dövlətlərin korrupsiyaya dair siyahısında Azərbaycanın adının müsbətə doğru irəliləməsinə səbəb olur. Təsadüfi deyil ki, yeni sistem elektronlaşdırıldıqdan sonra ölkəmizin adı korrupsiyaya qarşı inamlı mübarizə aparan dövlətlərlə bir sırada çəkilir”.
Ruslan Xəlil
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir