Azəriqaz”ın baş direktoru: “Yeni qaz kəmərləri çəkilir və istismara yararsız olan qaz tənzimləyiciləri əvəz edilir”
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir”. Teleqraf.com bildirir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev bildirib.
Baş direktor deyib ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən cari ilin yanvar-fevral ayları ərzində 1 883 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 110 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində cari il ərzində 27 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilib. Cari ilin fevral ayı ərzində İB-də əhali sektoru üzrə 18 504 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2 667-i Bakı, Abşeron və Sumqayıt, 15 837-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 869 274-ə çatıb.
Əkbər Hacıyev bildirib ki, 2015-ci il ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilib: “İlk növbədə qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter alıb və ölkənin bütün bölgələrini əhatə edib. Ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq ötən il ərzində Ağsu, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Neftçala, Yevlax, Sabirabad, Füzuli, Şamaxı, Masallı, Qax, Saatlı, Tərtər, İmişli, Şabran, Zaqatala, Ucar, Lənkəran, Xaçmaz, Qobustan, İsmayıllı, Zərdab, Qusar, Oğuz, Gədəbəy, Lerik, Kürdəmir, Qobustan, Şəmkir, Salyan, Quba, Yardımlı, Masallı, Tovuz, Şəki, Goranboy, Qəbələ və Samux rayonları üzrə 430 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin olunub. Bundan başqa, Yevlax rayonunun 32-ci sahə adlanan hissəsinin və Yaldilli kəndinin genişlənən hissəsinin, Oğuz rayonunun Şərq və qərb istiqamətində genişlənən hissəsinin, İsmayıllı rayonunun Böyükmərc və Kökəltmə adlanan hissəsinin, Həmçinin Yardımlı rayonunun Urakəran, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Ucar rayonunun Qarabörk, Masallı rayonunun Birinci Səmədxan, Qəbələ rayonunun Vəndam və Nohurqışlaq kəndlərinin genişlənən hissələrinin qazlaşdırılması da başa çatdırılıb”.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru xatırladıb ki, qazlaşdırılma proqramının icrası nəticəsində Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan şəhərlərində, Füzuli, Biləsuvar, Qazax, Balakən, Hacıqabul və Abşeron rayonlarında məntəqə üzrə qazlaşma səviyyəsi 100 faizə çatdırılıb: “Digər rayonlarda da qazlaşma səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi üçün müvafiq tədbirlər davam etdirilir”.
Nemət