“Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin “Consulting & Business” jurnalına geniş müsahibə verib.
Teleqraf.com "Trend"ə instinadla xəbər verir ki, devalvasiyanın baş verdiyi ölkələrdə xarici valyutaya tələbatın artmasının təbii hal olduğunu deyən sədr müəyyən şəxslər tərəfindən süni ajiotaj yaradıldığını bildirib: “Nəticə etibarı ilə banklara verilən xarici valyutanın qısa zaman ərzində satılıb qurtarması sahibkar və hüquqi şəxslərin valyuta ehtiyaclarının ödənilməsində çətinliklər yaradır.
Bundan başqa, bankların qarşısında uzun növbələr olur, filialların daxilində sıxlıq və qarışıqlıq yaranır. Belə bir vəziyyət isə müştərilərə digər bank əməliyyatları üzrə rahat və operativ şəkildə xidmətin göstərilməsinə maneələrə yol açır.
Bütün bu məqamları nəzərə alaraq, xarici valyutanın satışına qısa müddətli müəyyən limitlər tətbiq olundu.Yanvarın ikinci yarısından isə xarici valyuta satışı tam bərpa olunub. 500 dollaradək məbləği adi qaydada, 500 dollardan yuxarı istənilən məbləği isə şəxsiyyət vəsiqəsini təqdim etməklə almaq olar.
Hökumətin və Mərkəzi Bankın gördüyü tədbirlər nəticəsində, artıq valyuta bazarında vəziyyət sabitləşib”.
Rövşən Allahverdiyev kredit faizlərinin yüksək olması məsələsinə də aydınlıq gətirib: “Hazırda Azərbaycanda kredit faiz dərəcələrinin nisbətən yüksək olmasının başqa səbəbləri var. Kredit faizlərinə cəlb edilən vəsaitlərin bahalığı, tələblərə cavab verən müştərilərin az olması, girov, şirkətlərdə korporativ idarəetmə səviyyəsi, şəffaf mühasibatlıq və sair təsir göstərir.
Azərbaycanda nisbətən zəif bankların aktivlər, öhdəliklər, depozitlər üzrə bazar payı heç 5 faizə çatmır. Yəni, onların şərtlərə təsir etmək imkanları məhduddur. Rəqabət qabiliyyəti olmayan banklar ölkənin inkişafına kömək edə bilmir. Ölkə daxilində güclü bankların olması yeni qurulan və ya böyümək istəyən şirkətlərin sərmayəni asan əldə etməsinə gətirib çıxarır.
Layihələrin münasib şərtlərlə maliyyələşdirilməsi sayəsində ucuz həyata keçirilməsi də güclü bank sisteminin bir başqa faydasıdır. Sərmayənin asan və ucuz cəlb edilməsi yeni biznes təşəbbüslərinin sayının artmasında da rol oynayır. Bir neçə zəif bankın birləşərək daha güclü bank kimi yoluna davam etməsi iri banklar arasında rəqabəti artıracaq və bunun da ən böyük faydasını istehlakçılar hiss edəcəklər”.
Bank sədri ölkədə başlayan yeni islahatlar dalğasının bank sektorunu canlandıracağını bildirib: “Hazırda müşahidə edirik ki, insanlar pullarını evdə saxlamağa üstünlük verirlər. Milli Məclis tərəfindən qəbul edilmiş yeni qanun layihəsinə əsasən banklara qoyulan əmanətlərin məbləğindən asılı olmayaraq sığortalanması planlaşdırılır.
Hesab edirəm ki, bu, dövlət tərəfindən atılan çox ciddi addımdır. Bu qanun qüvvəyə mindikdən sonra banklara manatla yatırılan əmanətlərin artacağını gözləyirik”.
Naibə QURBANOVA