1 Aprel 2016 13:35
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB ölkələri içərisində Azərbaycan rus turitlərin ən çox getdiyi yerdir. Bu barədə travel.ru saytı məlumat yayıb.

Qeyd edilib ki, siyahı son bir ildə rus turistlərin getdiyi ölkələrdə sərbəst şəkildə qaldıqları otel və evlərə əsasən tutulub.

2015-ci ildə Azərbaycan 2 milyon turisti qəbul edib ki, bunun 585 mini Rusiya vətəndaşı olub.

İlk beşlikdə Qazaxıstan, Ermənistan, Qırğızıstan və Belarus durur. Qazaxıstan hər il 1 milyon, Ermənistan 2015-ci ildə 1,2 milyon, Qırğızıstan 1,2 milyon, Belarus 300 min turist qəbul edib.

QİYMƏTLƏR ƏLVERİŞLİ OLUB, AMMA…

Turizmdəki bu prosesi Teleqraf.com-a şərh edən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, devalvasiyadan sonra manatın məzənnəsində ucuzlaşma, xarici ölkələrdə bahalaşma, eyni zamanda Avropa və Yaxın Şərq ölkələrində iqtisadi-siyasi vəziyyətin gərginləşməsi, Avropa ölkələrinə qaçqın axını yerli və xarici turistləri daha Azərbaycana yönləndirib:

“Azərbaycana gələn turistlər üçün turpaketlərin qiyməti artıq çox əlverişli olub. Onlar hesablamaları dollarla aparırlar. Manatın devalvasiyasından sonra onlar üçün çox sərfəli, ucuz qiymətlər yaranıb. Bütün turizm şirkətləri də bu fürsətdən istifadə etməlidir”.

Müşavir hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən 300-dən çox özəl şirkət gəlmə turizmin inkişafına diqqət ayırmalıdır: “Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin cəmi 5 faizi gəlmə turizmlə məşğuldur. Bu onu göstərir ki, turizm şirkətləri daxili turizmin inkişafında maraqlı deyillər. Həmin şirkətlərin ən azı 25 faizi daxili turizmlə məşğul olmalıdır ki, ölkəyə gələn turistlərin sayı çoxalsın”.

Azərbaycan otellərində xarici turistlər üçün qiymətlərin ucuzlaşdığını deyən ekspert dolların məzənnəsi ilə əlaqədar əvvəllər 50 manata satılan yerlərin indi 35 dollara endiyini bildirib.

O ÖLKƏLƏRƏ GETMƏK MƏSLƏHƏT DEYİL

Bununla belə, Müzəffər Ağakərimov bir çox xarici ölkələrdə ictimai-siyasi vəziyyətin qeyri-sabit olmasının Azərbaycandan xarici ölkələrə tur təşkil edən şirkətlərin turpaket satışına mənfi təsir etdiyini deyir. Ekspert əsas azalmanın həm Şərq, həm də Qərb ölkələri üzrə turlar təşkil edən şirkətlərin turpaket satışında özünü göstərdiyini deyib.

Azərbaycan turistlərinin sabit vəziyyəti olan ölkələrə səfər etməsi tövsiyə olunur: “Qonşu Türkiyədə terror qorxusu ənənəvi turizm məkanlarına baş çəkməyi əngəlləyir.

Vətəndaşlarımız təxminən eyni vəsaitə başa gələn Çexiya, Polşa, Baltikyanı ölkələri, Sloveniya, Slovakiya və Birləşmiş Ərəb Əmirliyinə səfər edə bilərlər.

Hazırda Almaniya, Fransa, Belçika və Macarıstanda qacqınlarla bağlı bəzi problemlər yaşanır. Ona görə də turistlərin oraya getməsi məsləhət deyil”.

Müzəffər Ağakərimov bu azalmanın ölkənin daxili turizmi üzrə təşkil edilən turların satış səviyyəsini yüksəldəcəyini deyir. Ekspertin sözlərinə görə, hazırda ölkə turizmində ən böyük problem aşağı ulduzlu otellərin, hostellərin olmamasıdır. O, bu səbəbdən statistikanın da düzgün aparılmayacağını deyir.

İSTİRAHƏT MƏRKƏZLƏRİ MÜRGÜ VURUR

Mövsümdə vəziyyətin necə olacağını deyə bilməsək də, hazırda ölkədəki turizm obyektlərinin çoxunda təşkilatçılıqla bağlı vəziyyət ürəkaçan deyil. Ümumi mənzərədən onların yalnız yay mövsümündə aktivləşdiyini demək olar. Bu isə ölkədə daha çox çimərilik turizminin gələcəyinə ümidlə baxmağa əsas verir.

Rayonlarda və paytaxta yaxın ərazilərdə yerləşən bəzi istirahət mərkəzləri ilə əlaqə saxladqıdan sonra bu qənaətə gəldik. Belə ki, bəzi istirahət mərkəzlərində hətta xidmətlərin qiymət cədvəli belə yoxdur.

Nabrandakı “Kardinal” istirahət mərkəzində hələ qiymətlərin necə olacağı müəyyənləşdirilməyib. Mərkəzdən bildirdilər ki, indiyədək birgünlük 30-50 manata olan qiymətlərdə devalvasiya ilə əlaqədar bahalaşma olacaq.

Qax rayonunda yerləşən “Eden Park Hotel”də də qiymətlərin necə olacağı məlum deyil. Hazırda isə qonaqlar əvvəlcədən tərtib olunmuş qiymət cədvəlinə görə yox, istifadə etdikləri xidmətə görə ödəniş edirlər.

İsmayıllıdakı “Green House”dan da oxşar cavab aldıq. İndi günü 25-30 manata olan mərkəzdə qiymələrin yayda 50-100 faizədək artacağını gizlətmədilər.

Naibə QURBANOVA


Müəllif: