5 Aprel 2016 19:16
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tarif (qiymət) Şurasının iclası keçirilib və daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Bu barədə Teleqraf.com-a qurumdan məlumat verilib.

Məlumata görə, ümumilikdə, indiyədək şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.

Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77 faizini təşkil edir. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.

Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək.

Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26 faiznin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11 faizinin qiyməti 3 dəfədən çox, ümumilikdə 90 faizinin qiymətləri endirilib.

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.

Tarif (qiymət) Şurasının iclasında həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.

Hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib.

Yeni tariflər 2016-cı il 6 aprel tarixindən qüvvəyə minəcək.

Naibə QURBANOVA


Müəllif: