Uzun müddət müzakirə olunan sosial mənzillərin inşası məsələsi artıq öz həllini tapmaqdadır. Prezident İlham Əliyevin yaxın vaxtlarda aztəminatlı və ya gənc ailələr üçün nəzərdə tutulmuş belə mənzillərin tikilməsi ilə bağlı bəyanat verib.
Prezident Nazirlər Kabinetinin 2016-cı ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında bildirib ki, Azərbaycanda aztəminatlı əhalinin mənzillə təminatı məqsədilə sosial mənzillərin tikintisi layihəsinə başlanır.
Sosial mənzillərin tikintisi proqramı yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək.
Ötən gün Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında imzalanmış fərman prosesin sürətlənəcəyini söyləməyə əsas verir.
Əmlak eksperti Ramil Osmanlı Teleqraf.com-a bildirib ki, mövcud mənzil fondu Azərbaycanda tələbatın tam ödənilməsinə imkan vermir, eyni zamanda əhalinin aztəminatlı təbəqəsi üçün mənzil əlçatanlığı olduqca aşağıdır: “Bu baxımdan sosial evlər aztəminatlı əhali təbəqəsinin mənzil təminatı üçün çox vacibdir”.
Ekspertin fikrincə, ipoteka kreditlərinin təxirə düşməsi, büdcədə nəzərdə tutulan 50 milyon manatın I rüb başa çatmasına baxmayaraq hələ də ayrılmaması, üstəgəl Prezidentin ipotekaya 200 milyon manat vəsait ayrılması ilə bağlı göstərişinin hələ icra olunmaması belə təəssürat yaradır ki, bu layihənin də icrasında problemlər ola bilər:
“Amma artıq Mənzil İnşaatı Dövlət Agentliyinin bazasında yaradılan “MİDA” MMC-yə 10 milyon manat vəsait ayrıldı. Sosial evlərin tikintisi üçün belə bir quruma ehtiyac vardı. Bu addım bütövlükdə mənzil sektorunda, xüsusən də aztəminatlı ailələr üçün yeni evlərin inşa olunmasında mühüm rol oynayacaq.
Düzdür, ayrılan rəqəm elə də böyük deyil, amma onu deməyə əsas verir ki, hökumət sosial mənzil fondunun yaradılmasında maraqlıdır.
Yadınızdadırsa, 2009-cu ilin iyun ayında II ipoteka proqramının icrasına başlayanda illik ipotekaya ayrılan məbləğ 14 milyon manat idi. Amma sonradan bu məbləğ artan dinamika ilə davam etdi və digər resursların hesabına 2014-cü ilin sonunda 130 milyon manata çatdı. Oxşar artımın indi də baş verəcəyinə ümid edirik”.
İlhamə ƏBÜLFƏT