13 Aprel 2016 16:09
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, aprelin 17-də Qətərin paytaxtı Dohada OPEK üzvü və neft hasil edən ölkələrin nümayəndələrinin görüşü keçiriləcək. Görüşdə neft hasilatının dondurulması məsələsi müzakirə olunacaq.

Doha görüşündə iştirak etmək üçün 15-dən artıq ölkə razılıq verib. Bunlar Səudiyyə Ərəbistanı, Rusiya, Küveyt, BƏƏ, Venesuela, Nigeriya, Əlcəzair, İndoneziya, Ekvador, Bəhreyn, Oman, Qətər və digərləridir.

Bir çox ekspertlər son günlər neftin qiymətində baş verən artımı məhz Doha sammiti ilə izah edirlər. Bu tendensiyanı Teleqraf.com-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, “qara qızıl”ın ətrafında yaranan pozitiv əhval-ruhiyyə hələ bir müddət davam edəcək.

-Neft bazarının iştirakçıları məhz bu nota kökləniblər. Dünən neftin qiymətinin birdən birə 44,69 həddinə qədər yüksəlməsi də Səudiyyə ilə Rusiya arasında kompromisin əldə olunması ilə əlaqələndirməyə əsas verir. Bu gün neft yenə oyanyır, hazırda 44,13 dollar həddindədir. Düzdür, bu dəyişik deyil, amma 2016-cı il üçün ən yüksək göstəricidir.

-Dünya bazarına Azərbaycan, Qazaxıstan kimi az həcmdə neft çıxaran ölkələrin görüşdə iştirakı hansı məqsəd daşıyır?

-Bizim neftlə bağlı gözləntimiz böyükdür. Bu ayın 17-dəki OPEK və iri neft istehsalçılarının görüşü və burada Azərbaycanın da təmsil olunması bu gözlənti ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycan iri neft istehsalçısı sayılmır və hazırda bazara çıxardığımız neftin həcmi 700 min bareldən çox deyil.

Amma dünya bazarında 95 milyon barel neft hasilatı var. Bu baxımdan əsas nəzərləri OPEK-in aprel ayından öz üzərinə götürdüyü yeni kvotalara yönəldirlər.

Məqsəd odur ki, kvotaları genişləndirsinlər, daha çox neft hasilatçısı olan ölkə onlara qoşulsun və bu bazarda qiymətlərin “ədalətli dəhliz” deyilən mərhələsinə çatmasına yardım etsinlər.

Azərbaycanın, Qazaxıstanın görüşdə iştirakı məhz bu məqsədlədir. Yəni biz ölkə olaraq kənarda qalmırıq və prosesə öz töhfəmizi veririk. Ötən ilki həcmlə müqayisədə biz neft hasilatımızı artırmırıq, hətta azaldırıq. Həm Qazaxıstan, həm də Azərbaycanda bu proqnozlar hökumətlərin açıqladığı rəqəmə görə az olacaq.

-Neft bazarı üçün hansı gözləntilər var?

-Baş verənlərdən çıxış edərək demək olar ki, bazar iştirakçıları görüşə ruh yüksəkliyi ilə gedir. İki böyük oyunçu – Rusiya və Səudiyyə hansı ki, gündəlik neft hasilatı 10 milyon bareldən artıqdır və onlar bu hasilatı azaltmayacaqlar, ilin əvvəlindəki səviyyədə saxlayacaqlar. Bunun özü bazar üçün müsbət addımdır.

-Sizcə, neft qiymətinin yüksəlişi nə vaxtadək davam edəcək?

-May ayında OPEK ölkələri öz kvotalarını azaldacaqlar, hasilat aşağı düşəcək və bunun nəticəsində bazara yeni bir siqnal gələ bilər. Mart ayında 35-40 dollarlıq göstərici may ayında 45-47 dollar ola bilər. Hətta üzü 50 dollara doğru dəyişməsi real görünür. Bu pozitiv ssenarinin riskləri də var.

Ola bilər ki, Doha sammitində əl-ələ verib görüşən üzvlər reallıqda verilən vədlərə əməl etməsinlər. Yəni üzvlərin yenidən ötüşə çıxmayacağına zəmanət vermək çətindir. Bu halda neftin qiymətinin yenidən 40 dollar civarında ola biləcəyini demək olar.

Aprelin 29-a qədər həm dövlətlərin, həm də şirkətlərin rüblük hesabatı açıqlanacaq. Ümumiyyətlə götürəndə, 2016-cı il iqtisadi baxımdan ən gərgin, qeyri-stabil il kimi proqnozlaşdırılıb. Ona görə də artıq proqnozlara əməl olunmasına çalışılıb.

Birinci rübdə nəticə enerjiyə olan tələbatın azaldığını isbatlasa, o biri rüblərin proqnozlarında korrektələrə başlanılacaq. Bu özünü maliyyə qurumlarının, reytinq agentliklərinin, böyük şirkətlərinin hesabatlarında göstərəcək. Neftin qiyməti ziqzaqvari dəyişdikcə, gündəlik, həftəlik təlatümlər də davam edəcək.

-Sizcə, neft hasilatının dondurulması ilə bağlı razılaşma barədə tərəflərin mövqeyi necə olacaq?

-İranın mövqeyi bəllidir, onsuz da hasilatı artıracaq. Görüşdə iştirakı nəzərdə tutulan 18-ə yaxın ölkədən ikisi – Rusiya və Səudiyyə istisna olmaqla digərlərinin hasilatı donduracağını demək olar.

Amma Rusiya tərəfi belə bir bəyanat da verdi ki, mart ayında gündəlik hasilat yanvar ayından artıq olub, amma bununla belə hasilatı stabil saxlamağa çalışacaqlar.

-Məlumdur ki, neftin qiymətinin ucuzlaşması elə neft sənayesinin özünə ziyandır…

-Doğrudur. Neftin ötən il orta qiyməti 52,5 dollar idi, bu ilin birinci rübü üçün bu göstərici 36 dollar olub. Körfəz ölkələri və Latın Amerikası ölkələrində qiymət daha aşağı – 34 olub.

Aşağı qiymətdə olanda neft sənayesinə yönəldilən investisiyalar kəskin azaldılır. Elə öz ölkəmizin təcrübəsinə baxaq. Ötən il Dövlət Neft Şirkəti bir dənə kəşfiyyat quyusu qazmayıb, hasilatı sabit saxlamaq üçün ancaq istismar quyuları işlənilib.

Çünki neftin qiyməti aşağı olduqda, əlavə gəlir tapılamadıqda kapital xərclərini neft sənayesinin genişləndirilməsinə, yeni layihələrə sərf etmirlər. Ancaq minimumla işləyib rentabelliyi qorumağa çalışırlar.

Naibə QURBANOVA


Müəllif: