Prezident bu il martın 17-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzlayıb.
İqtisadiyyat naziri Şahin Mustafayaev də ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqla görüşündə bu mövuzunu xatırladaraq USAİD və ABŞ-ın digər qurumları ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılmasını təklif edib.
Xatırladaq ki, 2009-cu ildə isə “Xüsusi iqtisadi zonalar haqqında” Qanunun tətbiq edilməsi barədə fərman imzalanıb.
Teleqraf.com-un bu mövzuda suallarını iqtisadçı Pərviz Heydərov cavablandırıb.
-Sizcə, Azərbaycan azad iqtisadi zona üçün nə dərəcədə əlverişli məkandır?
-Azad iqtisadi zona adətən, əlverişli tranzit imkanlarına malik ölkələrdə, yaxud şəhərlərdə baş tutur. Yəni, bunun üçün birinci növbədə ölkənin belə deyək, yol üstündə olması vacibdir. Bu mənada Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir.
Biz həm qərb və şərq, həm də şimalla cənub, eləcə də əksinə keçən yollar üzərində yerləşirik. Bu o deməkdir ki, söhbət təkcə bizim özümüzün, eyni zamanda bu və ya digər ölkələr arasında əlaqələrin deyil, regionlar arasında qarşılıqlı münasibətlərin də inkişaf edə biləcəyi imkanlarından gedir.
Belə bir yolun üzərində yerləşmək və praktik olaraq alternativsiz tranzit ölkəsi olmaq çox böyük xoşbəxtlikdir.
Bu, əvvəla milyonlarla xarici valyuta şəklində qazanc, ikincisi, qeyri-neft sektorunun inkişafı üçün əvəzsiz dəstək, üçüncüsü, regional nəqliyyat mərkəzi olmaq deməkdir. Bu baxımdan, ölkəmizin nəqliyyat infrastukturunun genişləndirilməsi və beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi istiqamətində görülən bütün işlərdə əsas məqsəd regional tranzit mərkəzinə çevrilməkdən ibarətdir.
Məlumdur ki, son illər bütövlükdə ölkəmizin nəqliyyat sektorunda böyük həcmli işlər görülüb, nəqliyyat qurumları və müəssisələrinin potensialı gücləndirilib, yük və sərnişin daşımalarının vaxtında və təhlükəsiz həyata keçirilməsi, daşımaların dayanıqlığının təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Əsas məqsəd isə qeyri-neft sektorunun ən perspektivli sahələrindən biri kimi nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək, Azərbaycanın tranzit imkanlarını artırmaq və onu regionda əsas ticarət qovşağına çevirməkdir.
Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması zəncirin mərkəzi həlqəsidir. Bu liman bütün daşımaların ortaq nöqtəsində dayanır, əsas hədəf də buna məhz daha dolğun şəkildə nail olmaqdır.
Liman ərszisində azad iqtisadi zonanın yaradılması bu işi daha da sürətləndirəcək.
-İqtisadiyyat naziri Şahin Mustafayev son açıqlamasında USAİD və ABŞ-ın bu sahədə əməkdaşlıq imkanlarının araşdırılmasını təklif edib. Amerikanın bu təklifə reaksiyası barədə proqnoz vermək mümükündürmü?
-Azad iqtisadi zonanın yaradılması asan və qısa müddətə müvafiq nəticələrə nail olunacaq bir iş deyil. Sözügedən məsələ kompleks tədbirlər planı işləyib hazırlamağı və həyata keçirməyi tələb edir.
Təsadüfi deyil ki, sərəncamla İqtisadiyyat Nazirliyi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb ki, birlikdə altı ay müddət ərzində limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təklifləri müvafiq məlumatlarla birlikdə dövlət başçısına təqdim etsinlər.
Məqsədə çatmaq üçün isə qanunvericilikdən başlamış, beynəlxalq təcrübənin tədbiqinə qədər uzun bir yol keçiləcək. Bundan əlavə, böyük məbləğdə investisiya tələb olunur.
Hələlik təqribi hesablamalara görə, bu, 1 milyard ABŞ dolları təşkil edə bilər. Amma mümkündür, bir az da çox olsun. Odur ki, bu məsələdə bütün maraqlı ölkələrin dəstəyindən istifadə olunmalıdır.
ABŞ-la Azərbaycan arasında geniş və sıx əlaqələr mövcuddur. Hər iki ölkə arasında əlaqələrin genişlənməsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) də az rol oynamır.
ABŞ Azərbaycanda bu günədək əksər egional layihələrə ciddi və açıq dəstək verib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zonanın yaradılması da bir regional layihədir.
-Bir milyard dollar az vəsait deyil. Mövcud maliyyə vəziyyəti buna imkan verirmi?
-Məqsədə çatmaq üçün həm də böyük məbləğdə investisiya qoymaq tələb olunur. Hələlik təqribi hesablamalara görə, bu, 1 milyard ABŞ dolları təşkil edə bilər, daha artıq olması da gözlənilir. Azərbaycan dövlətinin özünün buna imkanı var, lakin bu, həm də regional layihə olduğundan xarici investisalar da cəlb olunmalıdır.
Ümumiyyətlə, sözügedən layihənin böyük bir hissəsi dövlət tərəfindən, qalanı isə özəl şirkətlər vasitəsi ilə yatırılacaq.
-Layihənin reallaşdırlması qeyri-neft sektorunun inkişafı üçün gözlənilən nəticəni verəcəkmi?
-Əgər dünyanın bir sıra tanınmış və məşhur limanlarındakı kimi azad iqtisadi zona yaradılsa, bu, regionda yükdaşıma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox gərəkli bir mərkəzin meydana gəlməsi ilə nəticələnəcək və ölkəmizin qeyri-neft sektorunun inkişafına şübhəsiz ki, əlavə və əvəzedilməz təkan verəcək.
Məsələn, Dubay, Honkonq, Sinqapur, Şanxay kimi nəhəng nəqliyyat-logistika mərkəzlərinin aid olduqları ölkələrin iqtisadiyyatlarda oynadıqları rolun əhəmiyyətini geniş izah etməyə ehtiyac yoxdur. Bu baxımdan, Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zona da ümid etmək olar ki, Azərbaycan iqtisadiyyatı üçün bir istinad yerinə çevriləcək.
-Azad iqtisadi zonanın 2017-ci ildən fəaliyyətə başlayacağı real görünürümü?
-Azad iqtisadi zonanın yaradılması asan və qısa müddətə müvafiq nəticələrə nail olunacaq bir iş deyil.
Hazırda Limanda hər cür geniş imkanlar var, lakin azad iqtisadi zonanın yaradılması əlavə cəlbedici imkanlar deməkdir. Bunun üçün isə Azərbaycan tərəfdən bir sıra tarif, vergi, gömrük və sair güzəştlər tədbiq edilməklə Avropadan başlamış Asiyaya qədər, demək olar, bütün ölkələrin qabaqcıl şirkətlərinin maraq və diqqətini cəlb eləmək, onlar arasında qarşılıqlı əlaqələrin qurulmasına nail olmaq lazımdır.
Naibə QURBANOVA