20 Aprel 2016 15:55
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək xahiş ediblər.

Müraciətdə onlar ölkədə istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə Əlavə Dəyər Vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi istəyirlər.

Müraciəti “Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “FRESKO” və “SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, “Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin İsmailli imzalayıblar.

Son iki gündə müraciət müəllifləri ilə açıqlama və ya müsahibə almaq üçün müntəzəm əlaqə saxlasaq da müəyyən tərəddüdlər fonunda axırda "yox" cavabı aldıq.

“Marketlər çətin qələbə yoluna adaptasiya oluna bilmirlər”

Ekspertlər müraciəti Teleqraf.com-a müxtəlif cür izah ediblər. İqtisadçı Məhəmməd Talıblı deyir ki, supermarketlər xeyli vaxtdır rezervlər hesabına bazarın sərt tələblərinə bir təhər dözsələr də, indi vəziyyət çətinləşib: “Supermarketlərin iki yolu var. Onlar ya fəaliyyətini dayandırmalı, ya da dövlətin müxtəlif növ güzəştlərindən istifadə etməlidirlər.


Uzun illər proteksiya siyasəti ilə əhatə olunduqlarından indi fərqli mühitdə az marjalı fəaliyyətə adaptasiya oluna bilmirlər. Daim böyük gəlir əldə etmək vərdişi, rəqabətsiz mühit şərtləri, fiskal qurumlara simvolik həddə vergi ödəmələri, istehlakçıların sel kimi həmin şəbəkələrə axışması supermarketləri tənbəl öyrətmişdi. İndi situasiya fərqlidir və onlar çətin qələbə yoluna adaptasiya oluna bilmirlər”.

Dövlətin dəstəyi vacibdir

Liberal iqtisadiyyatın tərəfdarları hesab edirlər ki, nə böhran, nə də qeyri-böhran vəziyyətində hökumət biznesə müdaxilə etməməlidir. Yəni nə dəstək verməli, nə də mane olmalıdır. Konkret qaydalar müəyyənləşdirilməli və sahibkarlar da həmin qaydalar çərçivəsindıə fəaliyyət göstərməlidir.

Üstünlük qazanan daha bir yanaşmaya görə isə böhran dövründə dövlətin özəl sektora dəstəyi qaçılmazdır.

İqtisadçı Qalib Toğrul hesab edir ki, dövlət bu sahəyə dəstək verməlidir: “Çünki bizdə hələ rəqabət qabiliyyətli bazar iqtisadiyyatı formalaşmayıb. Bazar iqtisadi qanunlarla idarə olunmur, özəl sektorun işinə hələ də müdaxilə var. Bu və digər səbəblərdən bazar iqtisadiyyatı öz gücü hesabına böhrandan çıxa bilməz, ona görə də dəstək vacibdir.

Hazırda əksər supermarketlərdə alış-veriş nəğd ödənişlə aparıldığı üçün ƏDV-yə nəzarət etmək olmur və bu vergi sahibkardan çıxır. Ona görə belə məqamlarda sahibkarların kömək istəməsi başadüşüləndi. İqtisadiyyat Nazirliyi bu isitiqamətdə işlər görməlidir”.

Məsələ araşdırılır

Ərazi və əhalinin sayına görə Bakıdakı supermarketlərin sayının normadan artıq olduğunu deyənlər də var. Ekspertlər isə bunun tələb-təklif qanunauyğunluğu ilə tənzimləndiyini deyirlər.

Qalib Toğrul hesab edir ki, supermarketlərin çox olması ayrı-ayrı sahibkarlıq subyektlərinin rəqabəti üçün müsbətdir: “Supermarketlərin sayının çoxluğu bu sahədə sağlam rəqabətdən xəbər verir və üstünlükləri çoxdur. Ziyanlı tərəfi kiçik sahibkarlıq subyektlərinin ləğvinə səbəb olmasıdır.

Amma nəzərə alanda ki, kiçik marketlərdə daha çox keyfiyyətsiz məhsullar satılır, bu zaman onların sıradan çıxmasının müsbət olduğunu düşünmək olar”.

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, supermarket rəhbərlərinə hər hansı güzəşt olunub-olunmayacağı barədə hələ qərar verilməyib. Nazirlikdən hazırda məsələnin araşdırıldığını dedilər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər